Cənubi Avropada isti hava dalğalarının güclənməsi turistlərin yay tətili marşrutlarını şimala dəyişməsinə səbəb olur. Turizm sektorunda “sərin tətil” adlandırılan bu tendensiya isti bölgələr əvəzinə daha sərin istiqamətlərdə istirahətə üstünlük verilməsi deməkdir.
Qaynarinfo xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2026-cı il turizm hesabatına görə, temperaturun yüksəlməsi sərin istiqamətlərə marağı artırır. Norveçdə tur operatorları da xüsusilə iyul və avqust aylarında fyordlara, yürüş və velosiped turları kimi açıq hava fəaliyyətlərinə tələbatın artdığını bildirirlər.

Həddindən artıq maraq təhlükə də yaradır
Ziyarətçilərin sayının artması bölgədəki həssas ekosistemlər üçün yeni təhlükə yaradır. Norveçin Lofoten arxipelaqında 2025-ci ildə 807 mindən çox kommersiya gecələməsi qeydə alınıb.
Skandinaviya ölkələrində quş koloniyaları, şimal maralları və həssas bitki örtüyü turist sıxlığının təsirinə məruz qalır. Turizm üzrə tədqiqatçı Elina Hutton bildirib ki, bəzi yürüş marşrutlarının eni təxminən 20 metr artıb və ətrafdakı bitki örtüyü məhv olub.
Onun sözlərinə görə, turistlərin sayının artmasına yalnız iqtisadi fürsət kimi yanaşmaq olmaz.

Şimal da isinir
Ekspertlər Norveç, İsveç və Finlandiyanın uzunmüddətli perspektivdə etibarlı “sərin sığınacaq” olaraq qalmaya biləcəyi barədə xəbərdarlıq edirlər. İqlim dəyişikliyi səbəbindən ənənəvi olaraq sərin hesab edilən istiqamətlərdə də temperaturun yüksələcəyi gözlənilir.
Norveç fyordları son illərdə turistlər arasında xüsusilə böyük populyarlıq qazanıb. Finlandiyanın seçimində isə şimal işıqları mühüm amillərdən biri olaraq qalır.
Aydın
Şərhlər