XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb
Dünya20:40 19.08.2026

Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb

Avropanı əhatə edən dənizlərdə temperaturun iqlim dəyişikliyinin təsiri ilə sürətlə artdığı müəyyən edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İrlandiyadan Aralıq dənizinə qədər uzanan geniş ərazidə dəniz istilik dalğaları müşahidə olunur. Bəzi bölgələrdə dəniz səthinin temperaturu mövsümi normadan 6 dərəcəyədək yüksək olub.

İstiləşmə sürətlənir

İsveçrə, İsveç, ABŞ, İrlandiya və Böyük Britaniyadan olan alimlərin daxil olduğu World Weather Attribution (WWA) tərəfindən aparılan araşdırmada iqlim dəyişikliyinin Avropa ətrafındakı dəniz səthinin temperaturuna təsiri araşdırılıb.

Araşdırmaya görə, yay aylarında İrlandiyadan Aralıq dənizinə qədər uzanan ərazilərdə dəniz istilik dalğaları müşahidə edilib.

Alimlər fosil yanacaqların yaratdığı iqlim dəyişikliyinin Aralıq dənizində istiləşməni təxminən 2 dərəcə artırdığını müəyyən ediblər. Biskay körfəzi və Pireney yarımadası ətrafında bu göstərici 1,4, Kelt bölgəsində isə 1,3 dərəcə olub.

Avropa sahillərinin böyük hissəsi istilik dalğalarının təsirindədir

Araşdırmada qeyd olunub ki, bu il Biskay körfəzi və Pireney yarımadası sahillərinin 90 faizində dəniz istilik dalğası şəraiti müşahidə edilib.

Qərbi Aralıq dənizinin 80 faizi, Şərqi Aralıq dənizinin isə 70 faizi eyni vəziyyətdən təsirlənib.

İqlim dəyişikliyinin olmadığı ssenaridə isə bu göstəricinin Biskay körfəzi və Qərbi Aralıq dənizində 40 faiz, Şərqi Aralıq dənizində isə cəmi 9 faiz olacağı hesablanıb.

Dəniz ekosistemləri təhlükə qarşısındadır

Alimlər xəbərdarlıq edirlər ki, dənizlərdə həddindən artıq temperatur artımı mərcan, süngər və makro yosunlar kimi yaşayış mühiti formalaşdıran növlərin kütləvi məhvinə səbəb ola bilər.

Bu itkilərin digər canlı növlərinə və bütövlükdə ekosistemə zəncirvari təsir göstərə biləcəyi bildirilir.

Dəniz istilik dalğalarının quş və məməli populyasiyalarında da ciddi azalmaya səbəb ola biləcəyi qeyd olunur. Mütəxəssislər dənizlərdəki həddindən artıq istiləşmənin yalnız təbiətə deyil, qida sistemlərinə və sahilyanı ərazilərdə yaşayan insanların həyatına da təhlükə yaratdığını bildirirlər.

“Okean ekosistemlərini məhvə yaxınlaşdırırıq”

London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmləri professoru Friderike Otto dənizlərin qlobal orta temperatur artımından daha sürətlə isindiyini bildirib.

“Bu vəziyyət quruda və dənizdə yaşayan canlılar üçün birbaşa nəticələrə səbəb olur. Fosil yanacaqlardan uzaqlaşma prosesini gecikdirməklə bir çox okean ekosistemini məhvə bir addım da yaxınlaşdırırıq”, - Otto deyib.

Günay