Dünya 15:32 11.07.2020

Ayasofiyanın məscidə çevrilməsinə politoloqlardan iki fərqli baxış

"Zənimcə bu məsələdə tələskənlik var".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin İstanbul şəhərində məşhur Ayasofiya tarixi muzeyinin məscidə çevrilməsini şərh edərkən deyib. 

Politoloq bu qərarı birmənalı şərh eləməkdə çox çətinlik çəkdiyini deyir:



"Ayasofiya Sultan Məhmət Fatehin Konstantinapolun fəth etməsinin bir simvoludursa, namazını orada qılıbsa, Atatürk dövründən, 1934-cü ildən bura dinlərarası münasibətləri təmin edən bir muzey kimi fəaliyyət göstərərək turistlərin ixtiyarına verilib. Sultan Fatehin əmri ilə 1453-cü ildən başlayaraq, Ayasofiyanın cəmi bir necə metrliyində Sultan Əhməd məscidinin tikintisinə başlanılıb. Sultan Əhməd məscidinin tikintisi o zaman Osmanlı imperiyasının ən aparıcı memarlarından biri Memar Sinana tapşırılmışdı. Bir neçə il ərzində Ayasofiyanın yaxınlığında Sultan Əhməd məscidinin inşası başa çatdırıldı. Və bu məscid əzəməti, arxitektura üslübu ilə Ayasofiyanı kölgədə qoyurdu, heç onunla müqayisəyə gələ bilmirdi. Bu gün də İstanbula gələnlər Sultan Əhməd məscidinə baxdıqca hamısı riqqətə gəlir. Daha sonra Sultan Əyyubun göstərişi ilə Memar Sinan Ayasofiyanın yaxınlığında Sultan Əyyub məscidinin inşasına başladı. Sultan Əyyub məscidi isə öz əzəməti, miqyası ilə Sultan Əhmədi də kölkədə qoyurdu. Bu gün həmin bölgəyə gələn turistlər Sultan Əhməd və Sultan Əyyub məscidlərinin əzəmətinə heyran olurlar. Əlbəttə ki, pravoslav dininin ilk kilsəsi kimi Ayasofiyaya da diqqət yetirirlər və bura İstanbulun əsas turist bölgəsi sayılır. İki böyük, bəlkə də dünyada tayı-bərabəri olmayan türk məscidi, bir də o qədər də möhtəşəmliyi ilə fərqlənməyən Ayasofiya. Ayasofiyanın təyinatının dəyişdirilməsini və nəyə xidmət edəcəyini söyləməkdə mən çətinlik çəkirəm. Çünki illərdir ki, təmir edilir, axırda bir yana çıxarılmayan köhnə, hətta deyərdim ki, heç bir tərəfi ilə seçilməyən kilsəni, həm də dinlərarası, tolerantlığın ilk simvolu olan və İstanbula xeyli turist axınını cəlb edən kilsənin məscidə çevrilməsinə çalışılması Türkiyənin həm imicinə, həm də turistik bölgə kimi Sultan Əhməd bölgəsinə o qədər də xeyir verməyəcək. 

Zənimcə, bu məsələdə tələskənlik var. Gərək tələsilməyəydi. Umumiyyətlə, Türkiyə kimi nəhəng bir dövlət Ayasofiyadan qat-qat əzəmətli dini məbədi bir necə ay müddətində inşa edib inanclı insanların istifadəsinə verə bilərdi".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ayasofiya ilə bağlı qərar Türkiyənin daxili işidir: 
 


"Başqa dövlətlərin bu qərara qarşımağa haqqı yoxdur. Onsuz da ora 100 illər Ayasofiya məscidi olub. Sadəcə, 1934-cü idə statusunu dəyişib. İndi yenidən məscid kimi fəaliyyətini davam etdirir. Ancaq bu o demək deyil ki, xarici turistlər məscidi ziyarət edə bilməz. Onun yanında daha möhtəşəm bir məscid var, namaz qılınır, azan da verilir. Eləcə də Ayasofiya, orada namaz da qılınıb, azan da veriləcək. Turistlər həmişəki kimi Ayasofiyaya daxil olub onun gözəlliyini görəcəklər. Burada problem yoxdur. Bəzi dövlətlər bunu problemə çevirmək istəyirlər. Düşünürəm ki, bir müddətdən sonra bu qərarla bağlı yaranan ajiotaj arxa plana keçəcək və Ayasofiya məscid funksiyasını yerinə yetirəcək". 

Bahar Rüstəmli