Sənət 14:51 27.05.2018

Aygün Səmədzadəyə "Xalq artisti" adı verildi

Bir çox sevilən mahnıların müəllifi, tanınmış bəstəkar Aygün Səmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Xalq artisti" fəxri adı ilə təltif edilib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bəstəkar, musiqişünas Aygün Səmədzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosentidir. 

Aygün Səmədzadə 2011-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdü.

Aygün Səmədzadə 1967-ci il yanvarın 11-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini 1974-1985-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində alıb, oranı qızıl medal və fərdi təqaüdlə bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olub. Bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib olub. 1985-ci ildə Ü.Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika konfransında ən yaxşı tələbə elmi-işinə görə "Qızıl medal", Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülüb. 

Konservatoriyanı fərqlənmə diplomu və Ü.Hacıbəyov adına fəxri təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi dəvət olunub və hal-hazırda Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən mühazirələr aparır və həmin kafedranın dosentidir.

"Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Yağış", "Tut ağacım", "Elegiya", Etiraf" və sair sevilən mahnıların bəstəkarıdır.