Ekonomiks 14:00 31.07.2021

Azad edilmiş ərazilərimizin bərpası ilə iqtisadiyyatımız nə qədər böyüyəcək?

"Qarabağın iqtisadi inkişafı ilə Azərbaycan iqtisadiyyatı 11 faiz böyüyəcək, Bakının iqtisadiyyatdakı çəkisi isə 60 faizə enəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov işğaldan azad edilmiş ərazilərimizin bərpası və iqtisadi inkişafı fonunda Azərbaycanın ümumi daxili məhsulunda nə qədər artım olacağı sualını cavablandırarkən deyib. Ekspertin fikrincə, bu məsələ həmin ərazilərin hansı sürətdə Azərbaycan iqtisadiyyatına interasiya edilməsi və mövcud potensialın hansı müddətdə istifadəyə başlanmasından asılıdır: 

"İstənilən halda, hətta bu ildən etibarən artıq işğaldan azad olunan ərazilərdə müəyyən təsərrüfat fəaliyyətləri aparılır. Bunun özü də iqtisadiyyatda əlavə dəyər yaradır. Ümumiyyətlə, götürəndə il ərzində təxminən 250-300 milyon manat dəyərində əlavə olaraq ümumi daxili məhsul istehsal olunacaq. Gələcəkdə isə bölgənin Azərbaycan iqtisadiyyatında payının 8-10 faiz arasında olacağı planlaşdırılır. Belə vəziyyət isə o deməkdir ki, sözügedən bölgənin iqtisadi inkişafı ilə Azərbaycan iqtisadiyyatı təxminən daha 11 faiz böyüyəcək. Bugünkü qiymətlərlə azad olunmuş ərazilərimizdə təxminən 10 ilə 8-9 milyard manat dəyərində əlavə dəyərin yaradılması potensialı var”. 
 

İqtisadçı bildirib ki, Qarabağ bölgəsinin iqtisadi dirçəlişi fonunda Bakı və Abşeron yarımadasının ölkə iqtisadiyyatındakı payı hazırda mövcud olan 80 faizdən 60 faizə düşəcək:

"İqtisadiyyatın əhəmiyyətli hissəsinin Bakı və ətrafda cəmlənməsi neft amiliylə bağlıdır. Neft sektorunun 90 faizi Bakıdadır. Həmçinin tarazlı inkişafın təmin edilməməsi də belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Amma artıq əks proses, yəni bölgələrin çəkisinin artması prosesi başlayıb. Çünki neft sektoru kiçilir. Nəticədə Bakı və ətrafı öz cəlbediciliyini itirməyə başlayıb. 2025-2030-cu il hədəflərində də tarazlı inkişaf əsas hədəf götürülüb. Bu isə o deməkdir ki, regionlara daha çox vəsait ayrılacaq. Qarabağla bağlı məsələ növbəti 20-30 ildə prioritet olacaq. Nəticədə paytaxtla müqayisədə, xüsusən də Qarabağda iqtisadiyyatın böyümə tempi daha sürətli olacaq və onun iqtisadiyyatda payı artacaq. Belədə Bakı və Abşeronun payı 2035-2040-cı illərdə 60 faizə düşəcək”. 

Rüfət Sultan