Azad olunmuş ərazilərə beynəlxalq təşkilatların cəlb olunmasına əsas maneə (ŞƏRH)

Azad olunmuş ərazilərə beynəlxalq təşkilatların cəlb olunmasına əsas maneə (ŞƏRH)

"Məhdudiyyətlər bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq təşkilatların cəlb olunmasına mane törədir. İndi dövlət rəsmiləri beynəlxalq təşkilatlar ilə əməkdaşlığın vacibliyindən danışırlar. QHT-lərin özləri belə əməkdaşlığın faydasını qeyd edirlər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov deyib. Onun sözlərinə görə, mətbuat və QHT sahəsinə cavabdeh olan məmurlar bu sektoru zəhərləyib və təzyiqləri öz maraqlarını təmin etmək üçün istifadə ediblər: 

"Bütün keçmiş SSRİ Respublikalarında QHT-lərə münasibət son illərdə dəyişdi. Ümumən bu ölkələrdə vətəndaş cəmiyyətinə münasibət heç də pis deyildi. 2010-cu ildə rayonlarda işləyən "Sülh Korpusunun” nümayəndəsi birgə səfərimiz zamanı məni inandırırdı ki, Azərbaycanda ictimai fəaliyyət ilə məşğul olmaq üçün yaradılan şərait onu çox qane edir. İddia edirdi ki, Amerikadan fərqli olaraq, Azərbaycanda hesabatlılıq çox sadədir və hiss olunacaq qədər deyildir. 
 

Vətəndaş cəmiyyətinə münasibət sonradan dəyişdi və ilk növbədə xarici donorlara çıxış məhdudlaşdı. Rusiya, Belorus, Tacikistan, Qazaxıstan, indi Özbəkistan və Qırğızıstan vətəndaş cəmiyyətinin xarici donorlara çıxışını məhdudlaşdırır. Həmin ölkələrdə QHT-lərə məhdudiyyət sistemli şəkildə olurdu, qanun qəbul edilirdi.  

Azərbaycanda isə belə məhdudiyyəti məmurun qanunu blok etməsi və ona yaxın QHT qurumlarını cəlb etməklə mühiti gərginləşdirmək yolu ilə edildi. Misal üçün Rusiyada vətəndaş cəmiyyəti əgər xaricdən yardım almaq istəyirdisə, o, Rusiyada qəbul olunmuş "Əcnəbi agent” qanununun şərtini qəbul edirdi.
 
"Əcnəbi agent” sertifikatı alır və işinə davam edirdi. Azərbaycanda QHT-lər ilə bağlı qanuna dəyişiklik oldu-olmadı, heç kim bilmir. Amma əcnəbi donorlara məhdudiyyət qoyuldu və onlar ölkədən getdilər. Bu məhdudiyyətlər bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq təşkilatların cəlb olunmasına mane törədir. İndi dövlət rəsmiləri beynəlxalq təşkilatlar ilə əməkdaşlığın vacibliyindən danışırlar. QHT-lərin özləri belə əməkdaşlığın faydasını qeyd edirlər.  

Bu problemlər, bir günün içində yaradılmayıb. Bu sahəyə cavabdeh olan məmurlar bu sektoru zəhərləyib, mətbuat və QHT-lərə qarşı təzyiqlərdən öz maraqlarını təmin etmək üçün istifadə ediblər. Biz bunu işdən azad olunmalar və həbslər ilə görürük. Bu zəhərləmə prosesi jurnalistlərin və vətəndaş cəmiyyətinin öz əli ilə intriqalar yaratmaq, böhtanlar atmaq, əsassız baryerlər yaratmaq, öz ətrafına sadiq dəstələr yığmaq yolu ilə edilib.

İndi, bu sahənin böhran vəziyyətini görürük. Bu böhrandan əziyyət çəkməklə onun vətəndaş cəmiyyəti ilə yanaşı ümumi işimizə nə qədər ziyanlı olduğunu bilirik. Vətəndaş cəmiyyəti ölkənin alternativ düşüncə və alternativ fəaliyət potensialı olduğu üçün onun inkişafı və orada yeniliklərin olması zaman gəldikcə qaçılmaz olacaq. Orada vəziyyətin hansı səviyyədə olmasından asılı olmayaraq, dövlətin vətəndaş cəmiyyətinin vacibliyi prizmasından yanaşaraq islahatların aparılması və inkişafında maraqlı olacağına ümid edirik”.

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR