Ölkə 15:11 10.02.2023

Azad olunmuş ərazilərə Böyük Qayıdış - Gözlənilən psixoloji problemlər

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” mövzusu üzrə hazırlanıb)

Artıq "İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

30 il şəhərdə yaşayan insanlar birdən-birə kənd-rayon mühitində neçə məskən salacaq?

Sosioloq-psixoloq Nail Cəlil Qaynarinfo-ya açıqlamasında işğaldan azad olunan ərazilərə qayıdacaq vətəndaşların 30 il şəhər mühitində böyüdüyünü vurğulayıb:

"Onların həmin ərazilərə qayıdacağı ilə bağlı bəzi psixoloji problemlər yaranacaq. Amma düşünürəm ki, bu keçici olacaq. Qayıdış məsələsi könüllülük prinsipi əsasındadır. Yəni, kimlər istəsə, ata-baba yurduna qayıdacaq, digər şəxsləri heç kəs məcbur eləmir ki, sən mütləq doğulduğun yurduna qayıdıb, orada yaşamalısan. Onlar 30 ildir Bakıda yerləşib, burada yaşayıb, özlərinə mülk tikib. Qayıtmamaq üçün müəyyən hüquqları da var. Bundna istifadə edə də bilərlər, etməyə də. Burada mədəni-sosioloji, yəni kulturoloji amillər ciddi nəzərə alınarasa, heç bir problem olmaz. Burada iki məsələ var. Birincisi, əgər adamlar yurdlarına qayıdırsa, biz onların iş fəaliyyətini təmin etməliyik. Bunun üçün infrastruktur lazımı səviyyədə olmalıdır, bütün bunlar Böyük Qayıdış qanununda nəzərə alınacaq amillərdir. İnsanlar qayıdandan sonra həmin ərzilərə gedəndə boş oturmayacaqlar ki. İlk növbədə o şəxslər yurdlarına qayıdacaq ki, onlar iqtisadi gəlir gətirən fəaliyyətlərlə məşğuldur və yaşayış hüquqları da var. Onların orada yaşayıb-yaşaması ikinci mərhələnin mövzusudur”.



Nail Cəlilovun fikirincə, həmçinin azad iqtisadi təfəkkürün formalaşmasına şərait yaradılmalıdır:

"İnsanlar yaşayışları ilə bağlı özləri qərar verməlidir ki, orada fəaliyyət göstərəcək, ya yox. Onların mülkiyyət hüquqları da qorunmalıdır. Bu məsələlərdə dövlətin "Ağıllı şəhər” və "Ağıllı kənd” layihəsi olduğu kimi "Ağıllı sosial müdaxilə” planı da olmalıdır. Cəmiyyətdə sosial sahibkarlıq baxımından elə təşəbbüslər irəli sürülməlidir ki, qayıdan insan şəhərində, yaxud da kəndində normal şəraitdə yaşaya bilməyəcəksə, onun vətəninə qayıtmamaq riski daha böyükdür. Bu, cəmiyyətdə sosial narazılıq dalğası yarada bilər. Bunun qarşısını almaq
üçün müəyyən sosial-siyasət tədbirləri görülməlidir. Düşünürəm ki, dövlət siyasətində həm rəsmi, həm də qeyri-rəsmi ictimai-siyasi fəaliyyət siyahısında bu məsələlər düzgün tənzimlənməli, təbliğat-təşviqat, maarifləndirmə məsələləri lazımi səviyyədə aparılmalıdır. Kənd-şəhər mühitində qaynayıb-qarışmaq deyilən bir şey var. İnsan təşəbbüskardırsa, onun üçün fərq etməz şəhər, ya kənddə yaşayır, belə insanlar özlərini harda istəsələr tapa bilirlər. Əsas məsələ şəhərdəki şəraitin kəndlərdə, bölgələrdə yaradılmasıdır. Hər halda işğaldan azad olunan ərazilərə, Qarabağa Böyük Qayıdışın 50%-də problem yaşanmayacaq. Qalır yerdə qalan 50%-in necə yerləşməsinə, düşünürəm ki, problem burada yaşana bilər”. 

Sosioloq əlavə edib ki, insanların torpaqları, evləri onların mülkiyyətidir və ondan necə istifadə etmək də onların öz hüququdur:

"Əksər vətəndaşlar torpağına qayıdacaq, getməyən insanların belə orada hüquqları qorunmalıdır. Əsas odur ki, torpaqlarımız azad olunub. Sabah yenə nəsə olarsa, hamı vətən uğrunda ayağa qalxacaq”. 

Nail Cəlilov hesab edir ki, əgər vətəndaşlar könüllülük prinsipi əsasında yurdlarına qayıdacaqsa, onların 30 ildən sonra kənddə yaşamasında heç bir psixoloji problem yaşanmayacaq:

"Burada psixoloqların da üzərinə yük düşür. Bu dəqiqə psixoloji xidmət geniş yayılıb, peşəkarlar kənarda qalıb, qeyri-peşəkarlar isə meydanda at oynadır. Qayıdış mərhələli şəkildə həyata keçirilərsə, kəndə qayıdan insanlarla psixoloji işlər aparılmalıdır”. 

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.