Xəbər lenti

Dünya 17:44 26.04.2024

Rusiyanın Ukraynaya qarşı müharibədə üstünlüyü getdikcə azalır - FT

Döyüşlərin intensivliyi hətta yüksək istehsal səviyyələrində belə Rusiyanın silah tədarük etmək qabiliyyətini üstələyir və daha böyük irəliləyişin qarşısını alır. Bu, nəticədə Rusiyanın Ukraynaya qarşı müharibədə üstünlüyünü azaldır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
 
Qeyd olunur ki, buna təcavüzkar ölkənin döyüş sursatından istifadə sürətinin azalması sübutdur. 2022-ci ilin payızına qədər Rusiya gündə 60 minə qədər mərmi atırdı, lakin indi bu rəqəm gündə təxminən 10 minə qədər azalıb və burada həm də Şimali Koreya və İranın yardımı nəzərə alınır. 

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin bu həftə açıqladığı hesabata görə, Rusiya cari atəş sürətini saxlamaq üçün ildə 3,6 milyon mərmi istehsal etməlidir.

Bununla belə, Rusiya Müdafiə Nazirliyi lazım olan 4 milyon 152 mm-lik mərmi və 1,6 milyon 122 mm-lik mərmilərin yalnız yarısını istehsal edə bildiyini etiraf edib.

Nəşr yazır ki, ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq hərbi yardımı təsdiqlədikdən sonra Rusiya ilk olaraq bu yardımın döyüş meydanında vəziyyəti dəyişə bilməyəcəyini bildirib. 

Rusiya prezidenti Vladimir Putini yaxından tanıyan şəxsin sözlərinə görə, son aylarda o, Ukraynaya genişmiqyaslı işğaldan sonra "hər zaman olduğundan daha inamlı və xoşbəxt görünürdü”.

"Baxaq görək, hərbi yardım vəziyyəti dəyişəcəkmi?” - FT mənbəsi bildirib.

Bildirilir ki, Rusiya atəş gücü və canlı qüvvə baxımından üstünlüyündən istifadə edərək cəbhə xəttində mərhələli irəliləyiş həyata keçirə bilib.
Ukrayna kəşfiyyatının iki yüksək rütbəli rəsmisi Rusiyanın cəbhənin əsas sektorlarına indiki hücumlarını, eləcə də Xarkov və digər mühüm şəhərlərə raket və dron zərbələrini daha böyük hücumdan əvvəl döyüş meydanını "yumşaltmaq” kimi təsvir edib.

Onlar Rusiyanın mayın sonunda və ya iyunda yeni genişmiqyaslı hücuma başlayacağını gözlədiklərini deyirlər.

Lakin Qərb hərbi rəsmiləri və analitikləri hesab edirlər ki, Ukrayna ABŞ-ın yardımı ilə aşağı keyfiyyətli döyüş sursatları və böyük, lakin zəif təlim keçmiş ordu ilə irəliləməyə cəhd edən Rusiyanın strategiyasındakı qüsurları üzə çıxara biləcək.

Qərb rəsmilərindən biri deyib ki, Rusiya cəbhədə bəzi taktiki irəliləyişlər edə bilsə də, o, köhnəlmiş texnika və zəif təlim keçmiş əsgərləri ilə xarakterizə olunan səmərəsiz ordu olaraq qalır və Ukraynanı işğal edə bilməyəcək.

Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya ordusunu araşdıran baş elmi işçisi Dara Massikot bidirib ki, ABŞ yardımı bu il Rusiyanın üstünlüyünü azaltmayacaq, ancaq Ukrayna qoşunlarına öz mövqelərini əks batareya atəşi ilə müdafiə etməyə və işğalçıların irəliləyişini yavaşlatmağa və ya dayandırmağa kömək edəcək. 

FT həmçinin yazır ki, Rusiyanın 2024-cü ildə ÜDM-nin 6%-i olan 10,8 trilyon rubl (118,5 milyard dollar) olan rekord müdafiə xərcləri sayəsində Rusiya müdafiə sənayesi istehsalı bir neçə dəfə artırıb və zavodlar gecə-gündüz işləyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->