Ölkə 14:38 13.05.2021

Azad olunmuş ərazilərə keçməyə cəhd edən daha 5 nəfər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.