Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-dən bildirilib.
Şərhlər