Aqşin YENİSEY
Ölkə 09:53 02.09.2022

Azərbaycan dili – keçmişin lal, gələcəyin kor dili

Alman filosofu, sosial mühəndis Habermas "millət" anlayışına belə bir tərif verir: "millət "dövlət xalqı" deməkdir". 

Yəni dövlət xalqa sahib çıxanda xalq millətə çevrilir. Millətləşmə prosesi isə dil vasitəsi ilə aparılır. Mərkəzləşdirilmiş dövlət yaratmaq istəyən monarxlar, eyni dildə danışanların bazarını açmağa can atan kapitalistlər, imperialistlər öz məqsədlərinə çatmaq üçün dili ən vacib bir vasitə kimi görürdülər. Xalq hansı dildə yazıb, oxuyur, hansı dildə özünü xoşbəxt hiss edirsə, gec-tez o dilin millətinə çevrilir. Xalq öz dilində xoşbəxt ola bilmirsə, öz dilini özü öldürür. XIV-XV əsrlərdə ingilislər fransız dilində xoşbəxt ola bilirdilər, öz ana dilləri bədbəxtlərin və bədbəxtliyin dili idi. İngilis dilini şəhərlərdə yaşayan fransızdilli elitanı məhv edən vəba epidemiyası xilas etdi. Əyalətə sıxışdırılmış ingilis dili boş qalan şəhərlərə ayaq açdı və öz şekspirlərini yaratdı. Protestant almanlar öz dinlərini ümumi xristian cəhalətindən ayırmaq üçün əvvəlcə öz dillərini İncildən ayırdılar. 
  
Dinin, siyasətin, incəsənətin özünəməxsus məsuliyyəti olduğu kimi, dilin də özünəməxsus məsuliyyəti var. 

Arxivlərindən belə qorxduğumuz keçmiş sovet sistemində dövlət uşaqlara (gələcək vətəndaşlarına) öz valideynlərindən daha böyük qayğı göstərirdi; uşaqpulu və pulsuz təhsil verir, böyüdür, oxudur, vaxtı çatanda evlə, işlə təmin edirdi. Valideyn uşaq böyütmək, oxutdurmaq, evlə, işlə təmin etmək məsuliyyətindən azad idi. Uşağın gələcək inkişafı imperiyanın paytaxtı Moskvadan, eyni zamanda rus dilindən asılı idi. 

İnsanların taleyinə rus dili məsuliyyət daşıyırdı. Azərbaycan (türk) dili xeyir-şər dili idi, ona uşaq etibar etmək olmazdı. Bu dilin heç bir ictimai məsuliyyəti yox idi.

Bu gün uşaqlarını rus bölməsinə qoyan valideynlər də sovet sələfləri kimi valideynlik məsuliyyətini rus dilinin üzərinə atırlar. Onların fikrincə, yetmiş illik ictimai, ədəbi, fəlsəfi, elmi məsuliyyəti çiyinlərində daşımış rus dil uşağı öz doğma valideynlərindən daha yaxşı tərbiyə edir, onlara daha çox bilgi verir, daha elit iş yerləri ümidi yaradır və s. 

Bu gün Azərbaycan (türk) dili yenə ictimai məsuliyyəti olmayan bir dil statusundadır. Dövlət dilidir, amma sanki dövlətin dili deyil. Bu dil Azərbaycan vətəndaşına ancaq şeir yazmaq, meyxana demək, linç etmək üçün lazımdır. Bu dil Azərbaycan vətəndaşı qarşısında heç bir ictimai məsuliyyət daşımır. Ona gələcəyi ilə bağlı heç nə vəd etmir. Buna görə də valideynlər daha məsuliyyətli dillərə üz tuturlar; ya Anadolu türkcəsi, ya rus dili. 

Dövlət öz dilinə sahib çıxmayınca, onu ictimai, elmi, praktik, estetik və s. məsuliyyətə cəlb etməyincə biz öz ölkəmizdə başqa millətlər üçün övlad böyüdəcəyik. Eynən öz yuvasında öz balasından daha gözəl olan ququ quşunun balasını böyüdən çöl ördəyi kimi.

Bu yaxınlarda islam, təsəvvüf, təriqətlər kimi qədim mövzuları araşdıran, islam Şərqinin örtülü mənalarını açmağa çalışan semiotik Svetlana Nesterovanın semantik şiddətdən yazdığı yazısını oxuyanda bu cür yazıların müharibə aparan və çox güman gələcəkdə də aparmalı olacaq bir ölkə olaraq bizə nə qədər lazım olduğunu düşündüm və yadıma Viktor Klempererin "Nasional sosializmin dili” kitabı düşdü.  

Hitlerin zülmünə düçar olsa da, arvadının alman olması hesabına sağ qalan yəhudi Klemperer bu kitabda iddia edir ki, faşist Almaniyasının təsir gücü nə onun hərb sənayesindəki inkişafında, nə heyrət ediləcək dərəcədə əməl olunan əsgəri intizamda, nə yəhudilərə bəslənən milli nifrət hissində idi. Bu güc faşizmin dilində gizlənmişdi.  

Faşizmin millətləşdirən dili o qədər nüfuzedici təsir gücünə mailk idi ki, nəinki sıravi almanları qədim Roma əsgərlərinə çevirmişdi, hətta Haydegger kimi bir filosofu da "nasional sosialzmin” heyranı etmişdi. 

"Nasizm almanların ətinə və qanına” kəlmə-kəlmə, ifadə-ifadə, cümlə formalarıyla girir, milyon dəfələrə təkrarlanaraq özünü yeridirdi. Bu dil nasizm ideyalarının mekaniki və şüursuz şəkildə mənimsənilməsinə yol açırdı”.  

Klempererin dediyindən aydın olur ki, Hitler alman xalqının alt şüurunda iş görürdü və buraya gedən yol dinin deyil, bu dəfə dilin mövhumatına dalmaqdan keçirdi. Lider və xalqın görüş yeri alt şüurdur ki, Hitler və ideoloqları bunu bilirdi.  

Nasizim dil vasitəsilə alman xalqının alt şüurunda ideoloji bir mövhumat yaratmışdı. Beyninə elektrod yerləşdirilmış meymunlar ötürülən elektrikə uyğun necə hərəkət edirlərsə, sıravi almanlar da Hitlerin beyinlərinə yerləşdirdiyi nasizm dili ilə o cür idarə olunurdular.  

Svetlana Nesterova da semantik şiddətdən yazdığı yazıda, aşağı-yuxarı eyni şeyi deyir. Müharibə aparan bir ölkə əvvəlcə müharibənin dilini öyrənməlidir. Əgər cəbhədə üz-üzə dayanmış iki xalqdan biri bu dili bilmirsə, uduzan tərəf olacaq. Semiotik yazır ki, müharibə dilinin ilk işi yaradıcı bir ehtirasla sıravi beyinlərdə düşmən obrazını yaratmaqdır. Bu obraz o qədər canlı olmalıdır ki, hər kəs onu özününküləşdirib şəxsi düşməni kimi görə bilsin. 

Məsələn, din öz düşmənlərini kafirləşdirir, şeytanlaşdırır, hətta şeytanı bir varlıq kimi şəkilləndirir ki, onun necə murdar bir varlıq olduğunu hər kəs görsün. Və bu ad – Şeytan – hansısa insana ünvanlandıqda inanclı olan hər kəs ona, ən azı, lənət oxuyaraq sözlə xəsarət yetirməyə çalışır. Yaxud ermənilər türkdən özlərinə belə bir obraz yarada biliblər. Müharibə olmasa belə, erməni xəyalındakı türk obrazına hər an nifrət edir və şərait yaranan kimi türkü öldürmək onun üçün bir qəhrəmanlıq bayramına çevrilir. Bizim gizlinimizdə belə bir düşmən obrazı yoxdur. Bizə qan udduran heç bir xalqın düşmən obrazını xəyalımızda konkretləşdirməmişik, şeytaniləşdirməmişik. Buna görə də rus dilinin bizə vəd etdiyi məişət xoşbəxtliyi rus imperiyasının bizə urcah etdiyi tarixi bədbəxtliyi unutdura bilir. Öz dilimiz tarixin kor dilinə çevrilir. Bu "dil korluğu” sayəsində biz tarixə aydın gözlə baxa bilmirik. Uzaqgörənlik bacarığını itirən ana dilimiz bizi tarixdən qaçıb taleyə sığınmağa məcbur edir. Arxiv deyil, bayatı yaradırıq. 
   
Bayatı bizim tarixlə ünsiyyətdə olduğumuz dilin məhsuludur. Biz bayatıda nə işlə məşğuluq? Saçımızı-başımızı yolub ahu-fəğan etməklə. Klempererə görə, bizim şüursuz və mexaniki əməl etdiyimiz şey bayatıdan eşitdiklərimizdir. Faşist Almaniyasında bu rolu nasizmin major dili oynayırdı. Bayatı bizim tarixə minor münasibətimizdir.  

Qədim Roma ruhunu oyadan faşizmin dili sıravi almanı tarixin zirvəsinə qaldırır, yəhudini isə taleyin küncünə sıxışdırır. Bayatı da bizi məhkum edildiyimiz taleyin küncündən çıxmağa qoymur. Xərçəng xəstəliyi kimi irsi yolla bütün ədəbiyyatımıza keçir. Şerimizin, nəsrimizin ən sevilən, türklər demiş, ən canalan yeri onun "yetim ayağı” olan misrası, cümləsidir, yəni rudimentar şəkildə üzə çıxan "Bayatı” sızıltısı. Biz tarixin qucağındakı sazın sarı simiyik. Anamızı ağladan öz ana dilimizdir. Biz tarixlə ünsiyyətdə duyğusal tərəfik. Bizə elə gəlir ki, ağlamaq varlığın xeyrinədi. Tarixlə qarşıdurmadan "bayatı” ritmi, bayatı avazı ilə çıxmaq və bunu gələcək nəsillərə ötürmək milli bir səhvdir. Mövcudluğumuzu, heç olmasa, göz yaşları ilə təsdiqləmək cəhdidir.  

Məsələn, Qarabağın Azərbaycan xəritəsində yara kimi göstərilməsini istəmiriksə, ilk növbədə, bu bölgənin muğam, bayatı dilini dəyişməliyik. "Muğam və məğlubiyyət” arasında psixoanalitik araşdırmalar aparan milli freydlərimiz ona görə yoxdur ki, dilimizin belə bir ehtiyacı və potensialı yoxdur. Bayatı, muğam bizim üzümüzün deyil, dilimizin göz yaşlarıdır.  

Bizim dilin boynuna qoyublar ki, sən məğlubiyyətin, əyalətin, ətalətin dilisən. Artıq qanımıza hopmuş müstəmləkəçilik siyasəti bizə deyir ki, ey azərbaycanlı, sən məğlubiyyətdən, əyalətdən, ətalətdən yalnız mənim dilimdə xilas ola bilərsən. Xilas olmaq istəyirsənsə, öz dilində sus!  

Tarix dil vasitəsilə qana keçir. Viktor Klemperer "Nasional Sosializmin dili” kitabını, sanki, bizim üçün yazıb; faşizmin dili öz məğlubiyyəti ilə barışmayanların dili idi! 

Dil uzmanları hesab edir ki, əsrin sonunda mövcud dünya dillərinin, təxminən, yarısı öləcək. Görəsən, o ölən dillərdən biri də bizim dil olacaqmı? Mən bu məsələdə pessimistəm; bu gedişlə Azərbaycan dili keçmişin "lal dili” olduğu kimi, gələcəyin "ölü dili” olmasa da, "kor dili” olacaq.

Aqşin Yenisey