Azərbaycan ərazisinin bir hissəsini də itirə bilər (ŞƏRH)

Azərbaycan ərazisinin bir hissəsini də itirə bilər (ŞƏRH)

"Azərbaycan ərazisinin bir hissəsini də itirə bilər".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Rusiyada keçirilən  referendumu şərh edərkən deyib. O yeni qanuna görə indiki hakimiyyətin ömrünün 2036-cı ilə kimi uzandığını bildirib:



"Verilən məlumata görə, referendumda iştirak edənlərin 78 faizi 206 düzəlişlə Konstitusiyanın 46 maddəsində dəyişikliyin lehinə səs verib. Bu dəyişikliklər arasında ən çox diqqəti çəkən bundan sonra hazırkı prezidentin hər dəfə 6 il olmaqla 12 il üçün yenidən seçilə bilməsidir. Bu isə o deməkdir, prezidentliyinin müddəti 2024-cü ildə bitən, 20 ildir hakimiyyətdə olan Putin 2024-cü ildən başlayaraq daha 2 dəfə seçilmək hüququna malik olacaq. Beləliklə nəzəri olaraq onun hakimiyyəti 2036-cı ilə qədər davam edə bilər. Prezidentin səlahiyyətlərinə gəlincə, bundan sonra o Dövlət Dumasının təsdiqini almış Baş nazir müavinləri və nazirləri təyin etməkdən imtina etmək hüququna malik olmayacaq. Ümumiyyətlə, hökumətin formalaşması üçün məsuliyyət əsasən Federal Məclisə veriləcək. Nazirlərin namizədliyi də Dövlət Duması tərəfindən təsdiqlənəcək. Hüquq-mühafizə orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbərləri təyin olunduqda prezident Federasiya Şurası ilə məsləhətləşməli olacaq. Lakin, prezidentin Nazirlər Kabinetinin bütün üzvləri kimi Baş naziri də vəzifədən azad etmək hüququ özündə saxlanılır. Yeni dəyişikliyə görə, Baş nazir tərəfindən təklif olunan müavinləri və federal nazirləri üç dəfə rədd etdiyi halda Dövlət Duması buraxıla bilər.

Federasiya Şurasının səlahiyyətinə gəlincə, ona prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin sədrlərinin, onların müavinlərini və hakimlərini təyin edilməsi daxildir. Həmçinin, prezident Federasiya Şurası ilə Rusiya Baş prokuroru və onun müavinləri, Rusiya Federasiyasının subyektlərinin prokurorlarının təyin edilməsi ilə bağlı məsləhətləşməli olacaq".



Qubad İbadoğlunun fikrincə, bu dəyişikliklərin  post-sovet düşərgəsinə yaxşı örnək verməyəcək: 

"Lakin bundan da böyük təhlükə Azərbaycanın torpaqlarının itirməsi ola bilər. Prezident Putin konstitusiya islahatlarının tərkib hissəsi olan dövlət suverenliyini qorumaq üçün düzəlişlərin müəllifidir. Bu dəyişliklər çərçivəsində qonşu dövlətlərlə delimitasiya, demarkasiya, yenidən demarkasiya çərçivəsində Rusiyanın sərhədlərinə yenidən baxılması nəzərdə tutulub. Rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib. Belə çıxır ki, Rusiya bundan sonra həmin əraziləri geri götürəcək. Belə olan halda Rusiya Federasiyası tərəfindən Azərbaycana qarşı da ərazi iddiasının irəli sürülməsi gözlənilir".

Qubad İbadoğlu hesab edir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur.  

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR