Şahin Cəfərli

Blogger
Yazılar
33
Azərbaycan-İran sərhəddi bağlansa nə baş verəcək?

Azərbaycan-İran sərhəddi bağlansa nə baş verəcək?

Türkiyə İranla sərhəd qapılarını bağladı, uçuşları dayandırdı...

Ankara ölkəyə zərəri olacaq bu cür qərar qəbul etməyə məcbur olubsa, deməli, İranda vəziyyət doğrudan da ağırdır. Türkiyə turizmində və sərhəd bölgələrinin iqtisadi həyatında iranlıların xüsusi rolu var. Ötən il Türkiyəyə 5 milyon civarında İran vətəndaşı səfər edib. İranlılar Türkiyənin ən yoxsul vilayətlərindən olan Vanda, eləcə də ətraf vilayətlərdə iqtisadi canlılığa ciddi töhfə verirlər, bu isə yerli əhalinin dövlətdən və mərkəzi hökumətdən narazılığının azalmasında rol oynayır. Novruzda yüz minlərlə iranlı Türkiyəyə axışır, otelləri, tətil və ticarət mərkəzlərini doldururlar. Əgər sərhəd qapıları xeyli müddət bağlı qalarsa, Türkiyə iqtisadiyyatı bundan ciddi zərər görəcək.

Yəqin ki, Azərbaycan hökuməti də analoji qərar qəbul etmək məcburiyyətində qalacaq. Amma Bakı bu cür radikal qərar vermək istəmir, bunun sosial-iqtisadi səbəbləri var.

İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir. Ötən il ölkə xaricinə çıxan 5 milyon 567 min Azərbaycan vətəndaşının 36,7%-i məhz İrana gedib. Bu, çox yüksək rəqəmdir. İranda ucuzluqdur, 100 dollar aparıb orada dəyişəndə bir torba yerli pul verirlər. Azərbaycanlıların əksəriyyəti əsasən alver məqsədilə qonşu ölkəyə gedir, işsiz və yoxsul insanlarımız oradan mal gətirib, burada satır və ailələrini saxlayırlar. Ziyarət və müalicə üçün gedənlər də az deyil. Sərhəd bağlansa, xeyli insan narazı qalacaq və sosial gərginlik artacaq. Eyni zamanda, ölkəmizə gələn iranlıların da sayı ildən-ilə artır. Onlar burada pul xərcləyirlər, iqtisadi aktivliyə töhfə verirlər, otellər, ticarət obyektləri qazanır. Hökumət bütün bu qarşılıqlı alış-verişlərin dayanmasını istəməz...

Yeri gəlmişkən, koronavirusun baş qaldırdığı ölkənin lideri Si Tszinpin Çin Xalq Respublikasının qurulduğu 1949-cu ildən bəri ölkədə ən ağır fövqəladə tibbi vəziyyət yarandığını bəyan edib. Koronavirus Asiyanın inkişaf etmiş ölkələri Cənubi Koreya və Yaponiyanı, İtaliya başda olmaqla, Avropanı da təhdid edir. Lakin BMT-nin Dünya Səhiyyə Təşkilatı (WHO) vəziyyəti pandemiya (qlobal epidemiya) kimi qiymətləndirməyə tələsmir. Təşkilat 30 yanvar tarixli toplantısında infeksiyanı beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi qiymətləndirərək Çinin ünvanına təriflər söyləməklə işini bitmiş sayıb. Üstəlik, bu qurum Çin daxilində və bu ölkədən kənara səyahətləri dayandırmağa ehtiyac olmadığını məsuliyyətsizcəsinə bildirməklə çinlilərin və dünya əhalisinin sağlığına nə qədər etinasız olduğunu nümayiş etdirib.

Son gəlişmələrdən sonra sabah maliyyə bazarlarında sıxıntılı və həyəcanlı ticarət sessiyaları gözlənilir...

OXŞAR XƏBƏRLƏR