Ölkə 12:20 21.04.2021

Azərbaycan KİV-i və vətəndaş cəmiyyətinin son 30 illik fəaliyyəti... (ŞƏRH)

"Azərbaycan mediasının və QHT-lərinin əksəriyyəti müstəqilliyin ilk 15 ilində əsasən daxili siyasətlə məşğul olurdular. Sonrakı 15 ildə media daha çox "kopyala-yapışdır" fəliyyəti ilə, QHT-lər isə daha çox tədbirlərdən fotossesiya və birgə bəyanatlar verməklə məşğul oldular”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Araz Aslanlı ölkə mediasının və vətəndaş cəmiyyətinin fəaliyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, operativlik, həmrəylik və s. sahələrdə müsbət tendensiyalar olsa da, mövqe ortaya qoymaq, fikir bildirmək, keyfiyyət yaratmaq barədə Sovet dövründən qalan mənfi nüanslar davam edir:

"Müharibə dövründə də göründü ki, bu həmrəylik nə dərəcədə önəmlidirsə, keyfiyyət problemi ən az o qədər risklidir. Eyni mətnlərlə xəbər ya da məqalə paylaşmaq ("kopyala-yapışdır" fəaliyyətinə davam etmək), beynəlxalq təşkilatlara ünvanlanmış eyni bəyanatı müxtəlif qurumlar adından göndərmək qarşı tərəfdə (xüsusilə beynəlxalq təşkilatlarda) təsir yarada bilmir, bəlkə də ikrah doğurur, Azərbaycan ilə bağlı fərqli mənfi fikirlərin yaranmasına səbəb olur. 

Media sektorunun da, QHT sektorunun da keyfiyyət dəyişikliyinə ehtiyacı var. Hər iki sektorun rəhbərliyində də, sadə nümayəndələri arasında da bu prosesə töhfə verə biləcək potensialda insanlar var. Amma bunun üçün ilk növbədə yanaşmalar dəyişməlidir. 

Hər dövrdə istər mediada, istərsə də QHT-lər içində dəyərli fəaliyyətlə ilə məşğul olanlar olub. Bu tənqid əsla onlara aid deyil və məqsəd ümumi keyfiyyət problemini tənqid etməkdir”.

Orxan Əhmədli