Ölkə 16:04 19.01.2021

Azərbaycan malları Ermənistan bazarına necə gedib çıxıb? – Ekspert

"Azərbaycan məhsulları Gürcüstana, oradan da Ermənistana daşınır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Ermənistan mağazalarında satılan Azərbaycan etiketli ərzaq məhsullarından danışarkən deyib. O bildirib ki, Gürcüstan və Ermənistan arasında ticarət əlaqələri var:
 
 

"Düşünürüəm ki, böyük ehtimalla indiki şərtlər daxilində bu proseslər Gürcüstan üzərindən baş verir. Ola bilsin ki, bu son hadisələrdən sonra Ermənistan hökuməti Azərbaycandan idxal olunan məhsullara hər hansı bir məhdudlaşdırmanın tətbiq edilməsi məsələsini qeyri-rəsmi də olsa yumşaldıb. Yəni, bu istiqamətdə ortaya əks mövqe də qoymur. Buna görə də Azərbaycan mənşəli məhsullar daha rahat şəkildə Ermənistan bazarlarına daxil ola bilir. Son baş verən hadisələrin nəticəsi olaraq iqtisadi inteqrasiya nəzərdə tutulur. Yəni, bu coğrafiyada iqtisadi inteqrsiya baş verməlidir. Bu olmadığı təqdirdə əslində regionun inkişında ciddi çətinliklər müşahidə edilə bilər”.

Rəşad Həsənovun fikrincə, bundan sonra belə hallar tez-tez təkrar olunacaq:

"Böyük ehtimalla ölkələr arasında diplomatik əlaqələr bərpa olunandan sonra bir başa olaraq Azərbaycan və Ermənistan arasında iqtisadi, sosial, ticarət münasibətləri formalaşacaq və Azərbaycan məhsulları üçün yeni bir bazar yaranacaq. Necə ki, İran, Türkiyə, Rusiya və s. kimi ölkələr Azərbaycanın xarici ticarət tərəfdaşları olaraq əsas iştirakçılardır, Ermənistan da yaxın gələcəkdə bu sıraya qoşula bilər. Azərbaycanda istehsal olunan müəyyən məhsular var ki, Ermənistan bazarında həmin məhsulların rəqabətə girməsi ehtimalı yüksəkdir. Bu şərtlər daxilində də artıq iki ölkə arasında müəyyən bir xarici, iqtisadi münasibətlər yaranacaq”.
Qeyd edək ki, Ermənistan mağazalarında üzərində Azərbaycan etiketləri olan ərzaq məhsullarının satılması ilə bağlı məlumatlar və fotolar yayılıb.

Bahar Rüstəmli