Ölkə 16:54 17.10.2018

"Azərbaycan Sənaye Bankı"nın gəlirləri azalıb, xərcləri artıb - HESABAT

"Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2018-ci ilin 9 ayı üçün maliyyə hesabatını açıqlayıb.

Qaynarinfo EkoNews-a istinadən xəbər verir ki, bankın bu dövrdəki xalis mənfəəti 4 milyon 705 min manat olub. Bu ötən ilin bu dövrü ilə müqayisədə 86 min manat çoxdur. Cari ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri 23 milyon 445 min manat,  o cümlədən faiz gəlirləri 18 milyon 501 min manat, qeyri-faiz gəlirləri 4 milyon 943 min manat təşkil edib.

Aktivlər azalıb

Cari ilin 9 ayında ASB-nin aktivləri 1 milyard 7 milyon manat təşkil edib. Bankın aktivləri ötən il 945 milyon manat olmuşdur. Bu ilin iyun ayının yekununda  isə 1 milyard 19 milyon manat cəmi aktivlərə malik idi.

Məcmu kapital azalıb

Bu ilin 9 ayının yekununda ASB 66 milyon 265 min manat məcmu kapitala malik olub. Bu isə ötən il ilə müqayisədə 11 milyon 915 min manat azdır. Qeyd edək ki, bank ötən ili 78 milyon 180 min manat məcmu kapitalla başa vurmuşdu. 

Gəlir azalıb, xərc artıb

Cari ilin 9 ayı ərzində Bank 23 milyon 445 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 366 min manat xərc çəkib. Nəticədə, Bankın 5 milyon 79 min manat əməliyyat mənfəəti yaranıb. 

2017-ci il 9 ayında ASB 24 milyon 200 min manat cəmi gəliri əldə etmək üçün 17 milyon 621 min manat xərc çəkmişdi. Nəticədə, ASB-nin əməliyyat mənfəəti 6 milyon 579 min manat təşkil etmişdi. 

Müştərilərə verilən kreditlər azalıb

Ötən ilin sonu ilə müqayisədə Bankın müştərilərə verdiyi kreditlər 298 milyon 857 min manatdan 287 milyon manata qədər azalıb.