Siyasət 14:36 16.11.2018

Azərbaycan-Türk Kültür Dərnəyinin sədri ermənilərə görə cəzalandırıldı

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkına 120 saat məcburi əmək cəzası verilib.

Qaynarinfo xəbər verir ki, buna səbəb dərnək sədrinin mitinqlərin birində çıxışı zamanı, "Qarabağ ermənilərə məzar olacaq", ifadəsini işlətməsi olub.

Verilən cəza ilə razılaşmayan sədr qərara etiraz olaraq yüksək məhkəməyə müraciət edəcəyini, oradan da müsbət cavab ala bilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə baş vuracağını söyləyib.

Aşkın mitinqdə işlətdiyi ifadənin işğalçılara və hələ də həmin şəxslərlə idarəçiliyi təşkil edənlərə qarşı olduğunu ifadə edib: "Bizim problemimiz Qarabağdakı işğalçı qüvvələrlədir".

Qeyd edək ki, Almelo Məhkəməsi ötən il dərnək sədrinə işlətdiyi ifadəyə görə 120 saat məcburi əmək cəzası verib və 2 il ərzində həmin ifadəni bir daha işlədəcəyi təqdirdə 1 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.