Ölkə 13:19 15.09.2021

Azərbaycan vaksin istehsal edə bilər, lakin... - Ekspert

"Azərbaycanda vaksin istehsalı mümkündür, amma artıq gecdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynli pandemiya ilə mübarizə fonunda Azərbaycanın öz yerli vaksinini istehsal etməsinin mümkünlüyündən danışarkən deyib.

Ekspertin qənaətincə, Azərbaycan bu addımı atmaq üçün lazım olan vəsaitə malikdir: 

"Azərbaycanın koronavirus əleyhinə vaksin istehsal etməsi hansısa istək və arzunun nəticəsidir. Azərbaycan vaksin istehsal etmək üçün kifayət qədər maliyyə imkanlarına malikdir. Amma məsələ ondadır ki, bunun üçün zamana ehtiyac var. Zaman isə bizi artıq qabaqlayıb. Texnoloji avadanlıqlarla təchiz olunan əczaçılıq zavodları indiyə kimi quraşdırılsaydı, dərman preparatlarının istehsalını qura bilsəydik, hansısa yeni texnologiya əsasında hazırlanan vaksinin lisenziyasını alıb, istehsala başlaya bilərdik”. 

Ancaq həmsöhbətimizin fikrincə, indiki halda Azərbaycanda vaksin istehsalı xərci onu hazır şəkildə xaricdən aldığımızdan baha başa gələcək: 


"Zavod texnologiyası yoxdursa, məsələni qısa müddətdə həyata keçirməyimiz mümkünsüzdür. Pandemiya ilə mübarizəni 20-30 ildən sonrakı dövr üçün strateji olaraq planlaşdırırıqsa, bu addıma getmək olar. Lakin indi dünya pandemiyadan xilas olmağa çalışır. Zavod tikib vaksin istehsalına başlamağımız üçün isə 3-4 ilə ehtiyac olacaq. O dönəmdə ümumiyyətlə, vaksinə ehtiyac olacaqmı? Öncə Azərbaycan sadə dərman preparatlarını istehsal etsin, sonra dünya standartlarına cavab verən vaksin istehsalına keçsin”.   

Rüfət Sultan