Xəbər lenti

Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
Ölkə 14:31 25.09.2024

Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili

"Xaricə köçən Azərbaycan gənclərinin sayının artmasına təhsil almaq və iş axtarışı amilləri təsir göstərib".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Azərbaycandan xaricə daimi yaşamaq üçün gedən gəcnlərin sayında kəskin artımın olması səbəblərindən danışarkən deyib.

Azər Allahverənov bildirib ki, xaricə köçən gənclərin sayında artımın olması bir neçə səbəbdən irəli gəlir:

"Gənclər miqrasiya prosesində daha fəal iştirak edən təbəqədir. Təhsil almaq məqsədilə xaricə üz tutan gənclərin sayı ildən-ilə artır. Qlobal inteqrasiya və miqrasiya mübadiləsinin geniş səviyyədə həyata keçirildiyi bir şəraitdə gənclər digərlərilə müqayisədə bundan maksimum yararlanmağa çalışan təbəqədir. Xüsusən də ailə qurmayan gənclərimiz. Gedənlərin də əksəriyyəti məhz subaylardır".
 


Həmsöhbətimiz deyir ki, xaricə üz tutanlar arasında iş axtarışında olan gənclər də üstünlük təşkil edir: 

"Xaricdəki üstün amillər gəncləri cəlb edir. ABŞ-da həyata keçirilən Qrinkart loterayasından da hər il yüzlərlə azərbaycan gənci yararlanır". 

Xanımların bu tendensiyada çoxluq təşkil etməsinə gəldikdə, ekspertə görə, bu, əsasən onların təhsil alıb, sonrakı mərhələdə xaricdə qalması və ya əncəbi ölkə vətəndaşından nikah təklifi alıb ora üz tutmaları ilə bağlıdır:

"Uzun müddət xaricdə qalan xanımlarımız sonrakı mərhələdə orada nikaha da daxil olur". 

Xaricə köçən soydaşlarımızın bu əsasda müsəlman deyil, xristian ölkələrinə üstünlük verməsinə gəldikdə, deputat düşünür ki, bu Azərbaycanın qeyri-müsəlman ölkələrlə miqrasiya mübadiləsinin kifayət qədər yüksək olması ilə əlaqədardır: 

"Rusiya ilə ölkəmizin ən böyük miqrasiya mübadiləsi var. Miqrasiya mübadiləsinin 85-86 faizi Rusiyanın payına düşür". 

Qeyd edək ki, 2023-cü ildə daimi yaşamaq üçün başqa ölkələrə 15-29 yaşlarında olan 685 nəfər Azərbaycan vətəndaşı köçüb. Onların da 166 nəfəri kişi, 519 nəfəri isə qadın olub. 

2022-ci illə müqayisədə ötən il daimi yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı 2,3 dəfə artıb. Belə ki, 2022-ci ildə daimi yaşamaq üçün başqa ölkələrə üz tutan gənclərin sayı 295 nəfər olub və bunların 106-sı kişi, 189-u qadın olub.

Qeyd edək ki, ölkədən köçən azərbaycanlılar əsasən aşağıdakı ölkələrə üz tutub:

Rusiya – 229 nəfər (77 kişi, 152 qadın);
Türkiyə – 203 nəfər (35 kişi, 168 qadın);
Almaniya – 53 nəfər (8 kişi, 45 qadın);
ABŞ – 44 nəfər (0 kişi, 44 qadın);
Gürcüstan – 31 nəfər (12 kişi, 19 qadın);
Kanada – 25 nəfər (2 kişi, 23 qadın);
İsrail – 16 nəfər (2 kişi, 14 qadın);
Özbəkistan – 12 nəfər (12 kişi, 0 qadın);
Türkmənistan – 7 nəfər (7 kişi, 0 qadın);
Qazaxıstan – 7 nəfər (7 kişi, 0 qadın);
Qırğızıstan – 1 nəfər (1 kişi, 0 qadın);
Moldova – 1 nəfər (1 kişi, 0 qadın).

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->