Siyasət 18:06 24.11.2021

“Azərbaycan öz qoşunları ilə Naxçıvana qədər...” - Rusiyalı ekspert

Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrdən sonra KTMT-nin İrəvana yardım edib, etməyəcəyi məsələsi gündəmə gəlib. Ermənistan tərəfi 16 noyabr hadisələrindən sonra Rusiyadan dəstək istədiyini açıqlasa da, rəsmi Moskva onlara hər hansı bir yazılı müraciətin edilmədiyini bildirib. İndi əsas sual budur ki, Rusiya hansı halda Ermənistana hərbi dəstək verəcək? Və Rusiya öhdəliyini yerinə yetirəcəkmi?

Qaynarinfo xəbər verir ki, bu məsələ ilə bağlı iki rus eksperti maraqlı fikirlər səsləndiriblər. Onlardan biri MDB Ölkələri İnstitutunun İrəvan filialının direktoru Aleksandr Markarov "Vzqlyad” qəzetinə bildirib ki, yeni münaqişə keçənilki Qarabağ müharibəsinin yalnız orta intensivlikdə və artıq Ermənistan ərazisində baş verməsi formasında təkrarıdır. Onun sözlərinə görə, gərginlik əsasən Ermənistanın cənubunda baş verir və bu, Azərbaycanın iki hissəsi arasında sıxışdırılmış dardərədən ibarətdir: 


Aleksandr Markarov

"Cənubda Naxçıvan muxtariyyəti, şimalda isə Azərbaycanın əsas hissəsi yerləşir. Görünür, Bakının məqsədi Ermənistanın mərkəzini cənub hissəsi ilə birləşdirən yeganə magistral yolun üzərindəki dominant yüksəkliklərə nəzarət etməkdir. Eyni marşrut İrəvanı Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsinə aparan yol ilə birləşdirir”.

Hərbi ekspert Pavel Felqenhauer isə hesab edir ki, Sünik bölgəsində indi baş verənlər sadəcə sərhəd atışmalardır: 

"Bəli, qarşıdurmanın səviyyəsi artıb. Amma indiyə qədər Azərbaycan qüvvələrinin Ermənistan ərazisinə daxil olduğu müşahidə edilmir. Bu, Bakı üçün bir qədər riskli olardı. Çünki bu, Rusiyanın münaqişəyə müdaxiləsinə səbəb ola bilər”.

Rus ekspert hesab edir ki, Azərbaycan istəsə öz qoşunları ilə hətta Naxçıvana qədər irəliləyə bilər: 

"Bu baş verərsə, Ermənistanın mərkəzi ilə İran sərhədinədək böyük bir ərazi arasında əlaqəni kəsmək olar. Bu, təbii ki, Ermənistanın ərazi bütövlüyünün pozulması olardı və ümumilikdə Cənubi Qafqazda bütün vəziyyəti dəyişdirərdi. Amma hərbi baxımdan mümkündür. Və İrəvan belə olan halda Moskvanı özünə cəlb etmək üçün nəyəsə arxalana bilər”.


Pavel Felqenhauer 

Mütəxəssis xatırladır ki, daimi sərhəd atışmalarının səbəblərindən biri dəqiq sərhədin olmamasıdır: 

"Sovet dövründə bu, ittifaq respublikaları arasında sırf inzibati sərhəd idi. Çox kobud formada çəkilirdi. Nə zolaqlar var idi, nə tikanlı məftillər. Hətta bəzi hallarda yolun bir neçə onlarla metri yanlış istiqamətə apara bilirdi. Amma hər iki ölkə arasında bir çox başqa problemlər də var. Əsas problem isə Qarabağdır. Bu məssələ ilə bağlı nə ediləcəyi bəlli deyil. Çünki tərəflərin mövqeləri bir-birinə tamamilə ziddir. Münaqişə dondurulub, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilib, lakin problemin həlli yaxın perspektivdə görünmür”.

Felqenhauer qeyd edib ki, İrəvanın müdafiə üçün Moskvaya müraciətinin əsaslı olub-olmaması Azərbaycanın işğalı faktının müəyyən edilib-edilməməsindən asılıdır: 

"Sünik bölgəsində Rusiya hərbçiləri və sərhədçiləri var. Onlar bunu qiymətləndirməlidirlər. Bəli, Rusiya Ermənistanın ərazisini müdafiə etməyə imza atıb. Bu istər-istəməz başqa məsələdir. Rusiya suveren dövlət kimi bunu edə bilər, lakin buna məcbur deyil”.

Ekspert qeyd edir ki, bundan əlavə, Rusiyanın regionda güclü tərəfləri azdır: 

"Gümrüdə baza var, Qarabağda Azərbaycan ərazisində yerləşdirilən hava limanları var, amma orada yalnız yüngül silahları var. Ümumilikdə bunlar, kobud desək, üç batalyondur. Təbii ki, aviasiya, hava hücumundan müdafiə sistemləri də var, amma çox deyil. Bölgədə rus qruplaşmasını gücləndirmək çox çətindir, demək olar ki, mümkün deyil. Hər halda, Moskva indi başqa məsələlərlə məşğuldur, ona görə də vəziyyəti hərbi yolla deyil, diplomatik yolla aradan qaldırmaq daha sərfəlidir”.

Seyid