Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həddə çatıb.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, ölkədə ümumi doğuşların sayının azalmasına baxmayaraq, ötən müddətdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb.
2005-ci ildə ölkədə hər 100 doğuşun 5,3-ü qeysəriyyə əməliyyatı ilə həyata keçirilirdisə, 2014-cü ildə doğuşların 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i, 2018-ci ildə 36,1-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.
2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə 142 710 doğuşun 47 760-ı, 2018-ci ildə 137 528 doğuşun 49 648-i qeysəriyyə əməliyyatı ilə olub.
Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi əvvəl keçirilən əməliyyatdakı çapıqdır.
S.Məmmədovanın sözlərinə görə, son illər qeysəriyyə kəsiyi əməliyyatlarının əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.
Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov Trend-ə bildirmişdi ki, müasir tədqiqatlara əsasən, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur.
Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur.
Şərhlər