Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, deputat 69 yaşında dünyasını dəyişib.
Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqda idi.
2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” adlı dissertasiya müdafiə edib və coğrafiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış , 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olub.
Naxçıvan MR-in əməkdar müəllimi olan Nazim Bababəyli "Tərəqqi” medalı, "Akademik Plyuqin” medalı və "Akademik H.Əliyev adına döş nişanı” ilə təltif olunub. 269 elmi məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.
Nazim Bababəyli 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının dosenti, 2003-cü ildən 2016-cı ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, Nazim Bababəyli Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qardaşıdır.
Şərhlər