Xəbər lenti

İlin qorxulu xəstəliklərə yoluxduran trendi
Sağlamlıq 21:35 10.11.2017

İlin qorxulu xəstəliklərə yoluxduran trendi

Əvvəllər döymə əsasən kişilərdə rast gəlinsə də, indi qadınlar arasında da geniş yayılıb. Əsasən gənclərin etdirdiyi tatular arasında müxtəlif heyvan şəkilləri üstünlük təşkil edir. Sevgilisinin adını bədəninə yazdıranların da sayı az deyil. Lakin tatu etdirmək istəyənləri müxtəlif suallar narahat edir:

Bəyənməsəm sildirə bilərəmmi?

Neçə müddət bədənimdə qalacaq?

Ağrılı prosedurdurmu?

Tatu vurulan zaman orqanizmə hansısa infeksiyanın düşmə qorxusu varmı?

Medicina.az bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Döymə nədir? Necə edilir?

Dəri altına xüsusi rənglər vasitəsilə şəkillərin çəkilməsi tatu adlanır. Növünü isə sifarişçi təyin edir. Tatu tapançası 1800-cü illərin sonlarına doğru icad edilib. İynə, mürəkkəbi tutan balon, mühərrik və sürəti tənzimləmək üçün istifadə edilən pedaldan ibarətdir.

Medicina.az-a açıqlama verən döymə ustası İsmət Cəfərov döymə etdirənlərin sayının kifayət qədər olduğunu, lakin aralarında qadınların üstünlük təşkil etdiyini deyib: "Müqayisə etsək, müraciət edənlərin 75 faizinin qadın olduğunu deyə bilərəm. İki cür tatu var. Xına ilə edilən keçici və xüsusi rənglə edilən qalıcı tatu. Silinməsi isə çox çətin və ağrılıdır. Nə qədər silinsə belə, yenə izlər qalır. Qiyməti isə 25 manatdan başlayaraq yüksəlir”.

Mütəxəssis son zamanlar tatunu qeyri-professional aparatlar vasitəsilə edənlərin də ortaya çıxdığını vurğulayıb. O, bunun çox yanlış olduğunu deyib:

"Əslində tatu çox diqqət ediləsi, həssas peşədir. Professional aparatla vurulmalıdır. Professional qurğuların özünəməxsus iynələri mövcuddur. Ancaq əldə düzəldilən vasitələrdə isə hansısa gitara simi və ya buna bənzər iynələrdən istifadə edirlər ki, bu da tamamilə yanlış üsuldur”.

Bəs tatular dəridə hansısa xəstəliklər yarada bilərmi?

Bununla bağlı Medicina.az-a açıqlama verən dermatoloq Nigar Rəsulova tatunun çox zərərli olduğunu xatırladıb və həmin şəxsin yoluxa biləcəyi xəstəliklərdən bəhs edib: "Prosedur zamanı aseptika, antiseptika qaydalarına riayet etmədikdə infeksion xəstəliklərə yoluxmaq mümkündür (hətta hepatit C ve QİÇS kimi ). Ekzema psoriaz, keloid kimi dəri xəstəlikləri, allergik reaksiya ve limfa vəzilərinin iltihabı kimi xəstəliklər bəzən qaçınılmaz olur. Tərkibində metal hissəcikləri olduğu üçün MR müayinəsi zamanı lokal ağrıya səbəb olur”.

Bundan əlavə, həkim tatu boyasının insan orqanizminə uyğun olmasının vacib şərt olduğunu bildirib: "Tatunun silinməsi zamanı dəridə ton fərqi, çapıq kimi qeyri-estetik fəsadlar qala bilər. Həmçinin, tatu zamanı istifadə olunan rəngin təbii tərkibli olması mütləqdir. Qalıcı tatularda istifadə edilən boyanın tərkibi kimyəvi yad maddələrdən ibarət olduğu üçün heç bir kosmetik və ya tibbi prosedurlar zamanı istifadəsinə rast gəlinmir. Yad maddə qan, limfatik yolla bütün orqanizmə yayılmış olur ki, gələcəkdə gecikmiş fəsadlara gətirib çıxarır”.

"Hamiləlik zamanı tatunun vurulması doğrudurmu” sualına cavab verən mütəxəssis, bunun anomaliyalara səbəb ola biləcəyini vurğulayıb: "Hamilə qadına qətiyyən olmaz. Çünki dölün inkişafına əks təsir edərək müxtəlif fəsadlar yarada bilər.

Bundan əlavə, hər hansı yara izi, anadangəlmə xalın üzərinə tatu olunması qadağandır”.

Qeyri-professional şəkildə edilmiş tatunun silinməsinin çətin, bəzən isə mümkünsüz olduğunu deyən həkim hazırda bunun üçün istifadə edilən texnikalardan danışıb:

"Profesional olunmuş tatu zamanı boya hissəcikləri əsasən dərinin alt təbəqəsində ve eyni dərinlikdə olduğu halda qeyri professional tatu dəri təbəqələrində paylanmış şəkildə olur. Hazırda tatunun silinməsi bütün inkişaf etmiş ölkələrdə o cümlədən Azərbaycanda ND-YAG lazerlə icra olunur .Bu lazer sisteminin bir neçə növü vardır ki, nm -( nanometr ) lərinə görə fərqlidir və tatunun rənginden asılı olaraq hansının uyğun olduğu seçilir. Məsələn, qırmızı, sarı , qəhvəyi tatular -532 nm , mavi , qara tatular -1064 nm -lik ND- yağ lazer vasitesile silinməlidir . Seans sayi tatudan asılı olaraq 1-2, nadir hallarda 5 seans olaraq tətbiq olunur. Hər seans zamanı lokal yara əmələ gəlir və yaranın sağalmasını nəzərə alaraq seanslar arası müddət təxminən 3-4-5 həftə olur”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->