Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3 566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2 973 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 10 şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1 320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati həbs edilib, 3 581 nəfər inzibati cərimə olunub.
Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.
Şərhlər