Ölkə 18:14 11.06.2021

Peşə məktəbində külli miqdarda mənimsəmə

Ağdaş Peşə Məktəbində yol verilən qanunsuzluqlarla bağlı daxil olan kollektiv müraciət əsasında Ağdaş rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Aparılmış araşdırma ilə müəyyən edilib ki, Ağdaş Peşə Məktəbində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əməkhaqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 70 min manat məbləğində pul vəsaiti mənimsənilib.

Qeyd edilən fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.