Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?

Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?

Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: "Azərbaycan kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək, burada ailə qura bilər. Amma kişi yalnız öz milliyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.

Maraqlıdır, qeyd edilən təhlükə nə dərəcədə realdır? Qaynarinfo xəbər verir ki, bununla bağlı  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü  Musa Quliyev Modern.az-a danışıb:

"Biz 10 il qabaq bu məsələni qaldırmışdıq. Artıq bu problem pik həddindən enib və azalma tendensiyası var. Məsələn, 10 il əvvəl 100 qız uşağına 118-120 oğlan uşağı düşürdüsə, sonrakı illərdə bu rəqəm enib. Yəni görülən profilaktik tədbirlər, maarifləndirmə işləri yavaş-yavaş öz nəticəsini verir. Görünür, BMT nümayəndəsinin məlumatları əvvəlki illərə məxsusdur. Bu baxımdan məsələ təhlükəli həddə deyil. İstənilən halda  bu məsələ nəzarətdə saxlanılmalıdır.  Qanunumuzda da selektiv abortların aradan götürülməsi, qadağa qoyulması bu niyyətə xidmət edir”.

Deputat qeyd edib ki, problem təkcə Azərbaycanda deyil, Şərq ölkələrində, Cənubi Qafqaz, müsəlman ölkələrinin çoxunda mövcuddur:  "Bu problem xüsusilə Çində, Hindistanda ciddi şəkildə müşahidə edilir, lakin onlar müəyyən tədbirlər nəticəsində müsbət dönüş əldə edə biliblər. Düzdür, bizdə də bu hədd yuxarı olaraq qalır. Amma 7-8 il bundan əvvələ nisbətən hazırda Azərbaycanda gərgin vəziyyət müşahidə olunmur”.

M.Quliyevin sözlərinə görə, Azərbaycanda ailə ənənələrinin güclü olması gözlənilən təhlükəni neytrallaşdıra bilər: "Yadınızdadırsa, 6-7 il bundan qabaq Milli Məclisdə məsələ qaldırmışdım və bildirmişdim ki,  əgər biz bu məsələnin qarşısını vaxtında almasaq, 20-25 ildən sonra əcnəbi gəlin qəbul etməli olacağıq. Əlbəttə, bu da birbaşa genefondumuza təsir edə bilər. Amma hesab edirəm ki, Azərbaycanda ailə ənənələrinin və mental dəyərlərimizin güclü olması təhlükəni neytrallaşdıra bilər. Bu baxımdan ciddi təhlükə də görmürəm. Genefonddan başqa bu, həm də mənəviyyat, mədəniyyət  məsələsidir”.
XƏBƏRLƏR
BLOGLAR