Video 14:11 31.05.2020

Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi (VİDEO/YENİLƏNİB)

"Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.

Qaynarinfo xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

"Bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk", - o, əlavə edib.

 
11.35

"Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman  müşahidə olunur". 

Qaynarinfo xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O qeyd edib ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir: 

"Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin.  Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.
 
11.12

Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı xüsusi keyidici iynə ilə zərərsizləşdirilib. 

Bununla bağlı Oxu.Az-ın redaksiyasına video göndərilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür.
 
 
09.30
 
Bu gecə saat 04.00 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkəti müşahidə olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.