Foto 16:04 10.06.2019

Azərbaycanda yaşayan xalqın qeyri-adi ənənələri - başqa xalqdan gəlin gətirirlər, ancaq... (FOTOLAR)

(II yazı) 


İlk yazımızda Qəbələnin Nic kəndinə səfərimizdən bəhs etmiş, burada yaşayan udilərin təlatümlü bir keçmişə sahib olduğunu yazmışdıq (maraqlananlar həmin yazını bu linkdən oxuya bilər).
 
Bəs "təlatümlü keçmiş" dedikdə söhbət konkret olaraq nədən, nələrdən gedir? 

Udilərin əcdadı utilər sayılır: onların haqqında ilk dəfə 2500 il öncə "Tarixin atası" kimi tanınan yunan müəllifi Herodot söhbət açıb. Sonralar Strabon "Coğrafiya” əsərində utilərin adını çəkib. 

"Udi" sözünə isə ilk dəfə Böyük Plininin (l əsr) "Həqiqi tarix” əsərində rast gəlinir. Ptolomeyin (ll əsr) "Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – udilərin yaşadığı göstərir. 

Udilərin taleyində ən məşəqqətli dönəmlərdən biri Vll əsrdə ərəb işğalı ilə bağlıdır: indiki Azərbaycan ərazisi ərəb xilafətinin əsarətinə keçdikdən sonra yerli əhalinin böyük hissəsi, o cümlədən udilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inanclarını qoruyub-saxlaya bilirlər: ilk növbədə ərəb işğalçıları üçün əlçatmaz, ucqar, gözdən xeyli qıraq yerlərə çəkilərək!

Elə VII yüzillikdə ərəb xilafətinin icazəsi ilə utilərin böyük bir qismi erməni-qriqoryan kilsəsinin tərkibinə daxil edilir; bir çoxları bunu alban-xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti kimi qəbul edirlər. 
 


 Müqəddəs Yelisey Kilsəsi ("Cotari" Kilsəsi) 
 
Udilər üçün daha bir çətin dövr 1836-cı ildə rus pravoslav kilsəsi və rus çar hökuməti alban katalikosunun taxtını və dəftərxanasını ləğv etməsi ilə başlayır. Bununla da onların erməni kilsəsinin tam təsiri altına salınması prosesi alovlanır. 

Alban-udin xristian icmasının sədri Robert Mobilinin fikrincə, "Türkmənçay” müqaviləsinin imzalanmasından (1828-ci il) və Azərbaycan torpaqları iki yerə ayrıldıqdan sonra Qarabağın xristian əhalisi olmadığına görə (çünki orada bir-iki udin kəndi qalmışdı) Çar Rusiyası erməniləri bu bölgəmizə köçürməyə üstünlük verdi. O çağacan udinlər əsasən Qarabağda, Ağstafa, Tovuz və Böyük Qafqazın şimal yamaclarında və Kiçik Qafqazda yaşayıblar. "Dağlıq Qarabağa erməni köçünün başlamasından sonra İmperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni Qriqoryan kilsəsinin idarəçiliyinə verilir. Bununla da Alban kilsəsi 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılır" – Mobili deyir. 

Azərbaycan Udi Ocağında olarkən öyrənirik ki, udilər erməniləşdirmə siyasətinə qarşı müxtəlif şəkildə dirəşiblər; hətta ibadətlərini şəxsi evlərdə yerinə yetirməyə başlayıblar. 
 


 Alban xaçı

Yeri gəlmişkən, Qarabağda üç kənd olub ki, orada udinlər yaşayıblar; deyilənə görə, həmin kəndlər Talış, Çaylı və Udi(n)lər kəndləri olub. 

Bundan başqa, Qarabağda digər alban-xristian xalqları da varmış, onlar da sonradan bura köçürülən ermənilərin içində əridiliblər!

Qəbələnin Nic kəndində yaşayan udilər hazırda öz qədim mədəniyyətləri, inancları, məişətləri ilə bağlı çox şeyi qoruyub saxlaya biliblər. 

Maraqlıdır ki, onlar başqa xalqlardan gəlin gətirirlər, lakin qızlarının başqa xalqların nümayəndələri ilə evlənməsinə yol vermirlər: səbəb öz etnik kimliklərini qoruyub-saxlamaqdır! 

Başqa bir maraqlı fakt: erməniləşdirmə siyasəti nəticəsində vaxtilə udilər "yan" soyad sonluğu qəbul etməyə məcbur ediliblər. Nəticədə Azərbaycanın müstəqilliyinin ilk illərində – 90-cı illərin əvvəllərində udilər hərbi xidmətə aparılmırmış. 

Hazırda isə onların soyadları daha çox "rı" sonluğu ilə bitir. 

Udilərin mətbəxinin ən özünəməxsus təamı fırrama adlanır. Kəsilmiş hinduşka və ya çoşqanı təmizləyib şişə taxır, sonra da fırladaraq bişirirlər. 

Onlar toylarda, bayramlarda və yas mərasimlərində süfrəyə yalnız özlərinin hazırladığı araqları və çaxırları qoyurlar. Öyrənirəm ki, araqlar daha çox alçadan, çaxır isə üzümdən düzəldilir. Bu prosesdə qadınlar qətiyyən iştirak etmir. Hətta səbəbini izah da edirlər: "Qadının əli təmiz olur, kişinin ayağı". Məsələ burasındadır ki, çağır və ya şərab düzəldilməmişdən əvvəl toplanmışç meyvələri yaxşıca tapdayıb əzmək gərəkdir.

Udilərin bir çox bayramları var; məsələn, onlardan biri uzun illər sonra bərpa edilib: "Kala Axsibay” bayramı. 10 il əvvələdək həmin bayram qeyd olunmurmuş, sonuncu dəfə hardasa 1830-cu illərin ikinci yarısında keçirilibmiş. 1836-cı ildə – yuxarıda qeyd etdiyimiz bəlli səbəblərə görə, – udi xalqı kilsəyə getməyib, ibadətlərini evlərində yerinə yetiriblər, beləcə, bu bayram da yaddan çıxıb. Daha doğrusu, udilər onu ürəklərində yaşadıblar – ta 2009-cu iləcən... Həmin ildən bu xalq sevimli bayramına yenidən qovuşub. 

"Traxmoy" havasının çalınması ilə başlayan udi toyları adətən üç ayrı mərhələdən keçir: "Xüyər zombaksın” – qız öyrənmək; "Xozamandluğ” – elçilik; "Baliga” – kiçik nişan.   

Daha bir maraqlı fakt: "Xozamandluğ” mərasiminə əvvələr "Fi uğsun" deyirmişlər, yəni "çaxır içmək”.  Son çağlarda çaxır  araqla əvəzlənib, bu mərasimin də adı olub "Araqi uğsun”, yəni "araq içmək". Elə ona görə də "hə"si alınmış qız haqqında həm də "arağı içilib” deyirlər. Yəni artıq ona hamı hörmət göstərməli, haqqında pis danışmamalıdır. 
 


O ki qaldı toyun özünə; bu mərasim  iki gün – bazar və bazar ertəsi – davam edir. Adətə görə, musiqi səsi öncə oğlan evinin həyətindən ucalmalıdır. Yoxsa izdivacın uğurlu olmayacağına inanırlar. 

Udi toyları barədə ən diqqətimi çəkən isə bu məqam oldu: bu xalq öz inancları səbəbilə həm donuz saxlayırlar, həm də onun ətini yiyirlər. Ancaq yüzilliklər boyu Azərbaycan türkləri və ləzgilərlə birgəyaşayış qaydalarının nəticəsidir ki, onları nə nişan, nə də toy mərasimlərində donuz ətindən yemək hazırlamırlar. Hətta əvvəllər toy-nişan üçün heyvanları Nicdə yaşayan Azərbaycan türkü, yaxud ləzgi olan birinə kəsdirərlərmiş ki, hər hansı şübhəyə yer qalmasın. 

Zaman keçdikcə isə qarşılıqlı inam, etibar və sayğı o həddə çatıb ki, indi  heç buna da gərək görülmür... 

(II yazının sonu) 

Elnur Astanbəyli,
Qaynarinfo.az