Göyçay rayonunda 32 ildir quşçuluqla məşğul olan Qiyas Hacıyev bu sahədə yeniliyə imza atıb.
"Qaynarinfo" Xezerxeber-ə istinadən xəbər verir ki, o, seleksiya yolu ilə ilk dəfə olaraq Azərbaycana məxsus "Lider-55" adlı ev quşu cinsini əldə edib. Hazırda ölkədə bəslənilən ətlik və yumurtalıq ev quşlarının hamısının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Qiyas Hacıyev yeni cinsin bir sıra üstünlükləri olduğunu bildirib.
Onun sözlərində görə, "Lider-55" cinsindən olan quşların dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, soyuğa, istiyə və xəstəliklərə qarşı dözümlüdür. Üstəlik, yerli şəraitə uyğun olan "Lider 55" cinsinin bəslənilməsi də sərfəlidir. Broyler quşlarında xromosomların sayı 72, kənd toyuqlarında və "Lider-55" cinsindən olan ev quşlarında isə xromosomların sayı 78-dir.
Sahibkar Qiyas Hacıyevin sözlərinə görə, ardıcıl olaraq "sereblis” quşlarını ildə 3, "Lider-55" cinsindən olan quşları isə ildə 5 dəfə yetişdirmək mümkündür.
Qiyas Hacıyev seleksiya yolu ilə əldə etdiyi quş cinsini xarici bazara çıxarmaq üçün onun ilk növbədə dövlət qeydiyyatına alınması məqsədilə lazımi sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etdiyini bildirib. O, növbəti 2 il ərzində Azərbaycana məxsus daha iki yeni quş cinsinin seleksiya yolu ilə əldə edilməsi üçün hazırda elmi araşdırma apardığını və nəticə əldə edildikdə onların da patentini alacağını deyib.
Qaynarinfo.Az
Şərhlər