Texnologiya 17:39 21.02.2020

Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir (ARAŞDIRMA)

Azərbaycan İtaliyadan "M-346" təyyarələrinin inteqrasiya sistemini alacaq.

"Report" xəbər verir ki, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın "Leonardo S.p.A" şirkətinin məhsulu olan "M-346" təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. 

"M-346" təyyarəsini texniki xüsusiyyətlərinə görə, döyüş aviasiya vasitəsi də hesab etmək olar. Belə ki, təyyarənin aşağı hissəsinə silahın inteqrasiya olunması üçün 5 asqı mövcuddur, o cümlədən effektiv hava hədəflərini məhv etmək üçün "hava-hava" raketləri ilə də təchiz edilə bilir. 

Bundan başqa "M-346"nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Təyyarənin praktikliyi baxımından isə əsas üstünlüyü "M-346"nın havada yanacaqla təmin edilməsi imkanının mövcud olmasıdır.



Təyyarənin müasir radiolokasiya sistemlərindən yayınması üçün yeni növ aktiv müdafiə sistemləri ilə də təchiz olunub. Bu "M-346" hədəf olmaq şansını aşağı salır. "M-346" sinfində olan digər təyyarələrdən qiymətinə görə də çox baha deyil, ölkələrə döyüş-aviasiya parkının gücləndirilməsinə öz töhfəsini verə bilir. 

Təyyarə İtaliya, İsrail, Sinqapur və Polşa ordularında təlim-döyüş təyyarəsi olaraq istifadə olunur. İki nəfərlik "M-346"nın maksimum surəti 1 060 km/saat, uçuş hündürlüyü 13,7 km-dir. Yüksüz təyyarənin çəkisi 4,6 tondur. 

Xatırladaq ki, "M-346" əvvəlcə Rusiyanın Yakovlev adına Təcrübə-konstruktor bürosu ilə birgə layihələndirilməyə başlayıb. Sonradan iki qurum arasında yaranan fikir ayrılığı bu layihənin birgə davam etdirilməsinə imkan verməyib. 



Azərbaycan üçün bu təyyarənin bir özəlliyi də var. Bu, silahlanmamızda olan müasir SOM qanadlı raketinin "M-346" təyyarəsinə inteqrasiya olunma imkanı ilə bağlıdır. SOM-B1 Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunub. O quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir.

"M-346" təyyarəsinin əsas texniki göstəricilərini "Report" üçün hazırlayan hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, bu təyyarənin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır.
 


Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.