Ekonomiks 17:42 28.11.2020

Azərbaycanın Fransaya satdığı və ondan aldığı məhsullar (SİYAHI)

Fransa senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnamədən, ümumiyyətlə Fransanın ermənipərəst mövqeyindən sonra sosial mediada Fransa məhsullarına boykot çağırışları başlanılıb. Hətta Fransa şirkətlərinin ölkədən çıxarılması fikirlərini səsləndirənlər də var. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük fransiz kapitallı şirkət nəhəng neft-qaz korporasiyası "Total” şirkətidir. "Total” Xəzərin Azərbaycan sektorunda yerləşən ehtiyatları 350 mlrd kubmetrdən çox olan "Abşeron” qaz-kondensat yatağının işlənilməsinə cəlb edilib.

Fransa Azərbaycanın ticarət dövriyyəsində də ilk 20-likdə yer alıb. Ticarət əlaqələri daha çox idxal üzərində qurulub. Belə ki, bu ilin yanvar-oktyabr ayları ərzində Fransa-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 427 mln 968 mln ABŞ dolları təşkil edib ki, onun 344 mln 618 min dolları idxalın, 83 mln 361 min dolları ixracın payına düşüb.Bəs idxal və ixracda əsas məhsullar hansılardır?

Qaynarinfo MediaPost-a istinadən Azərbaycanın Fransaya satdığı və bu ölkədən aldığı əsas məhsulların siyahısını təqdim edir.
Azərbaycanın Fransaya ixracında ilk yeri məlum olduğu kimi, xam neft tutur. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Fransaya 173,899 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib,onun dəyəri isə 52,943 mln dollar təşkil edib.

İlin 9 ayında Azərbaycan Fransaya 40 tonluq 227,9 min dollar dəyərində fındıq,   38,64 tonluq dəyəri  27,35 min dollar reaktiv mühərriklər üçün kerosin yanacağı ixrac edib. Plastik kütlədən hazırlanmış qutu, dəftərxana və məktəb ləvazimatları, emal olunmamış dəri, çap məmulatları, xalçalar, kilimlər, şüşə qablar, mətbəx və yeməkxana məmulatları,  qara metallardan bəzi məmulatlar və digər məhsullar da kiçik həcmdə həyata keçirilən ixrac arasındadır.

Bu dövrdə Azərbaycandan Fransaya 20 ədəd dəyəri 5,97 min dollar rəsm əsəri də ixrac olunub.



Fransadan idxal olunan məhsulların siyahısı isə daha çoxdur. Bura kənd təsərrüfatı məhsulları, ət, pendir, yağ, müxtəlif növ tərəvəz və meyvələr, güllər, qəhvə, çay, qida məhsulları, müxtəlif toxumlar, qənnadı məmulatları, uşaq yeməkləri, konservləşdirilmiş tərəvəzlər, meyvə cemləri, şirələr, spirtli və spirtsiz içkilər, müxtəlif ağaclar, heyvan qidaları, kimyəvi məhsullar, vitamin, antibiotiklər, vaksinlər, dərman preparatları, boya maddələri, efir yağları, ətirli maddələrin qarışıqları, ətir və tualet suyu, kosmetik vasitələri, qulluq vasitələri, gigiyenik vasitələr, təmizləyici vasitələr, dəftəxana ləvazimatları, geyimlər, mebel və digər onlarla növdə məhsul daxildir.

Bu ilin 9 ayında Fransadan 43,55 ton ətir və tualet suyu alınıb ki, onun da dəyəri 3 mln 637,2 min dollar təşkil edib.