Sənət 10:20 04.05.2016

Azərbaycanın görkəmli şairi vəfat etdi

Xalq şairi Söhrab Tahir dünyasını dəyişib. 

Qaynarinfo.az xəbər verir ki, bu barədə aznews.az-a Azərbaycan Yazıçılar İttifaqının Güney Azərbaycan şöbəsinin nümayəndəsi Sayman Aruz məlumat verib. Onun sözlərinə görə, şair səhər saat 07:00 radələrində vəfat edib. 

Qeyd edək ki, bir müddət öncə S.Tahirin səhhətində problem yaranmışdı. Şəkər xəstəliyindən əziyyət çəkən şairin iki ayağı amputasiya edilib.

Xatırladaq ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Qaynarinfo.az