"Azərbaycan təkcə bərpa prosesi ilə kifayətlənmir - o, daha güclü gələcək qurur və bu məqsədlə inklüziv və şaxələndirilmiş iqtisadi modelini uğurla təqdim edir”.
"Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Nyu-Yorkda keçirilən BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM 8) - "Layiqli Əmək və İqtisadi Artım” mövzusuna həsr olunmuş Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) çıxışı zamanı deyib.
Şöbə müdiri çıxışında qeyd edib ki, qlobal iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycan islahatlara, inklüziv inkişafa və dayanıqlılığa əsaslanan iqtisadi modeli ilə fərqlənir:
"2011–2023-cü illər ərzində ölkənin ümumi daxili məhsulu orta hesabla illik 2 faiz artıb, qeyri-neft-qaz sektoru isə hər il 4,4 faiz artım nümayiş etdirib. Bu göstəricilər Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi strategiyasını uğurla həyata keçirdiyini sübut edir. Strategiyaya minimum əməkhaqqının, pensiyaların və digər gəlir transfertlərinin artırılması da daxildir ki, bu da həssas əhali qruplarının iqtisadi dayanıqlığını gücləndirməyə xidmət edir”.
H. Hüseynov, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasından bəhs edərək bu sənədin təkcə paytaxt Bakını deyil, ölkənin bütün bölgələrində sosial rifahı artırmaq, sosial bərabərliyi möhkəmləndirmək və imkanları genişləndirmək məqsədi daşıdığını vurğulayıb:
"2017-ci ildən həyata keçirilən özünəməşğulluq proqramı çərçivəsində 2024-cü ildə 17 min nəfərdən çox vətəndaş bu təşəbbüsdən faydalanıb. Gender əsaslı iqtisadi siyasətlər çərçivəsində 2020–2025-ci illərdə qadın sahibkarlığının dəstəklənməsi məqsədilə 42 milyon ABŞ dolları həcmində kredit ayrılıb, nəticədə təxminən 1 500 yeni iş yeri yaradılıb. Məqsəd qadınların orta aylıq əməkhaqqının kişilərin əməkhaqqısına nisbətini 2021-ci ildəki 66 faizdən 2026-cı ilədək 80 faizə çatdırmaqdır”.
Katib bildirib ki, bu addımlar təkcə sosial siyasət deyil, eyni zamanda strateji iqtisadi yatırımlardır. H. Hüseynov, həmçinin Azərbaycanın 2025-ci ilin mart ayında qəbul etdiyi Milli Süni İntellekt Strategiyası barədə üzv dövlətlərin nümayəndələrinə məlumat verib. Bildirib ki, strategiya çərçivəsində etik, inklüziv və davamlı süni intellektin inkişaf etdirilməsi, bu sahədə kadr potensialının formalaşdırılması və xüsusi təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Şərhlər