Xəbər lenti

Mənasız adamın hekayəsi...
Könül Nuriyeva
Sənət 13:49 21.08.2025

Mənasız adamın hekayəsi...

Məsələ, sənin ədəbi düşünmək bacarığındadır. Sən gəzdiyin şəhərdə binaları, rastlaşdığın insanları, gördüşdüyün dostunu, tərk etdiyin sevgilini, saçları buruq gülümsəyən balaca qızı ədəbiyyat olaraq, daha doğrusu, obraz olaraq görürsənmi? Hətta böyük və işıqlı yolları diqqətdən kənarda qalan dar dolanbaclarla müqayisə edib, kədərlənirsənsə, bəlkə bu yolun, bu küçənin ürəyi sıxılır, axı ondan gələn-gedən yoxdur deyirsənsə, nə qədər axmaq görünsən də, yolu poeziyaya çevirirsənsə..? Sən kədərini bəzən uğursuz, bəzən uğurlu poeziyaya çevirə və bunu etdiyin üçün kimdənsə müsbət və ya mənfi cavab gözləyirsənmi? Yəni, gözləməməlisən, onda sən ədəbi ruha sahib olmazsan ki… Axı fikirləri ədəbi cümlələrdən ibarət olan adam bu həyatı çoxlarının gördüyü kimi görə bilmir. İstəsə belə, geriyə - adiliyə və hamı kimi olmağa qayıda bilmir.

Əslində, onu çoxunuz xoşbəxt bilirsiniz, bacarığına, qabiliyyətinə həsəd duyursunuz. Hətta üzünə deyirsiniz ki, səni nə çox istəyənlər var, cəmiyyətdə xoş qarşılanırsan. Amma, o dünyanın çətin üzünü yaşayan adamdır - görmədiyinizi görür və faciəsimi, xoşbəxtliyimi elə burdan başlayır. Bəzən deyir ki, kaş bu incəliyi nəzərdən qaçırardım, kaş bu insana baxıb onun yeddi qatını görməzdim, kaş gözlərdəki sevincin arxasında bir qığılcım kimi anidən yanıb-sönən kədərləri görməzdim, kaş insanların görünməyən üzləri mənə bəlli olmazdı. Axı bunları daşımaq var, axı bunları yazıya, mətnə, hekayəyə, romana çevirmək var. Axı bunları bir dostuna danışmaq istəyib, amma fikrini tam dərinliyi ilə çatdırmamaq var.
Axı insanın beynini ədəbi obrazlar yorur, axı bu qarışıq və informasiya bolluğu olan dövrdə bir beyin ədəbiyyatın rənglərini səliqəylə sıraya düzməyə çətinlik çəkə bilər, axı bu yükdür, axı bu xoş və rahat yükdən azad olmaq üçün zaman və bəzən də sadə nəsnənin - barmaqların gücü yetmir.

Bəzi insanlar dünyaya ədəbiyyat olaraq gəlirlər. Baxırsan ki, bir kəlmə deyir bədiidir, oturuşu-duruşu, baxışı, hadisələrə münasibəti, sadə əhvalatları beynində dramatikləşdirməsi bədiidir, adam bir anda öz həyatını gözünü qırpmadan faciəyəyə döndərə bir, bir anda adicə alaq otundan sevinc yarada bilər. Bir də görərsən ki, səni sevdi, dərin sevdi, heç bilmədin ki, nəyinə, harana vurulub. Mat-mətəəl qalarsan ki, indi bu ədəbi adamın şeirləri, sənə yazdığı hekayələrə necə cavab verim, baş obraz olan özünü tanımarsan. Səni sənə heyran edər. Nə ilə? Ədəbiyyatla!

Sonra günlərin birində gedər və gedəndə deyər ki, bir obraz idin, bitdin, sağ ol. Sonra özü əzab çəkər, yəni səndən özü üçün əzab yaradar. Sənə, sənin xəbərin olmadan özünün də sayını itirdiyi bədii mətnlər həsr edər, içində məntiq olar, içində həsrət olar, içində sənin özünün bilmədiyin gizli cəhətlərin olar. Yazar… yazar!

Səndə sual yaranar: Bu adam mənim nəyimdən ədəbiyyat yaratdı ki?

Bu sualın cavabını ədəbi düşünənlər özləri də bilmir. Bəlkə bu dünyadakı ən dayaz, ən bəsit, ən mənasız adamsan. Onun üçün nə fərqi var ki, adamın beyni obraz bolluğundan əziyyət çəkir. Səndən "Mənasız adamın hekayəsini" də yaradar. Yəni, ədəbiyyat bu boyda düzəninə, səliqə- sahmanına, sırayla düzülmüş antik dövrdən gəlmiş ədəbi nümayəndələrinə baxmayaraq xaosdur, başdan-ayağa yazıçını məhv edəcək xaos! İndi siz, bir yazıçının necə çətin gün keçirdiyinin, amma sizi görəndə özünü necə adi adam kimi apardığını az da olsa başa düşdünüzmü?

Beynindəki ədəbi obrazlara "Dur!" əmri vermək və sizə gülümsəmək onun üçün asan deyil. Dayandığı avtobus dayanacağında gördüyü bütün simalara rentgen kimi baxmaq onu öldürür. Avtobusda və metroda gördüyü yüzlərlə üzün alt və əsl mənasını ürəyində daşımaq onun faciəsidir. İşin əsas və ən əhəmiyyətli hissəsi var - gördüklərini evə gedib tez yazıya çevirmək istəyinin qarşısını kəsən əsas maneə - pul qazanmaq!

Adam acından öləsi deyil ki, işləməlidir axı. Gedib yazmaq yerinə, evində oturub yazmaq yerinə işə getməlidir, kapitalizmin verdiyi şərtlərə tabe olmalıdır. Axşam işdən yorğun-arğın gələndə isə yenə bir beyində min ədəbi obrazla yatmalı, səhər yolboyu bütün daxili dünyasına ədəbi obrazları yığmalı, onların hekayələrini şifahi danışmalıdır. Ona görə də özü-özüylə dodağının altında danışan, gözləri sizə baxan, əslində isə öz-özü içinə baxan adam görəndə onu tanıyın. Mən iddia ilə deyə bilərəm - o, mənəm…

Bəs sən, yazıçı dostum, sən deyə bilərsənmi, o, sənsən?

Könül Nuriyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->