"Mən idmançının zəki, çevik və eyni zamanda əxlaqlısını sevirəm” (Mustafa Kamal Atatürk)
FİFA AFFA-ya təşəkkür edib. Bu nəcib təşəkkürün səbəbi AFFA-nın "FIFA Series – 2026” turnirinə yüksək səviyyəli ev sahibliyi etməsidir. Oman millisinin Yaxın Şərqdəki vəziyyətə görə Azərbaycana gələ bilməməsi burdakı turnirin də formatını dəyişdirdi. Bu səbəbdən də AFFA cəmi iki oyunun təşkilatçılığını etdi. Hər iki görüş də Azərbaycan millisinin iştirakı ilə keçirildi.
Təsəvvür edin, millimizin Sent-Lusiya ilə qarşılaşması nəzərdə tutulandan 10 dəqiqə gec başladı. Millimiz Bakıdan Sumqayıta qədər olan 30 kilometrlik məsafəni vaxtında qət edə bilmədiyinə görə stadiona gecikmişdi, buna görə də görüşün start fiti 10 dəqiqə gec səsləndirildi. Oyundan sonrakı görüntülər isə lap utancverici idi. Millinin paltardəyişmə otağını su basmışdı. Çox güman ki, rəqib komandanın paltardəyişmə otağında da eyni vəziyyət olub, sadəcə, bizim jurnalistlərdən kimsə ora daxil olmadığı üçün görüntülər ictimailəşməyib.
Heç şübhə etmirəm ki, FİFA rəsmiləri AFFA-nın təşəkkürnaməsini əvvəlcədən hazırlayıbmış. Sent-Lusiyanın futbolçuları paltardəyişmə otağında yaranan gölməçə boğulsaydılar, milli komandamız stadiona yarım saat gec çatsaydı belə təşəkkür gələcəkdi. Əsas odur ki, biz FİFA-dan gələn qonaqların xərcini üzərimizə götürüb, onların qulluğunda yaxşı dayanmışıq. Amma bizimlə futbol oynamağa gələn qonaqlara heç də yaxşı münasibət göstərə bilmədik. "Neftçi”nin və millimizin üzvü Emil Səfərovun Syerra Leone ilə oyunda rəqibin futbolçusuna vurduğu sillə hər birimizi məyus etdi. Bundan savayı Syerra Leoneylə görüşün daim gərginliklə müşayət olunması, müntəzəm dava-dalaşın yaşanması oyunun xarakterinə, yoldaşlıq qarşılaşmasının ruhuna heç yaraşmadı. Təəssüflər olsun ki, bu xoşagəlməz hallarda da bizim futbolçular baş rollarda idilər.
Bəli, qələbə qazanmaq hər zaman xoşdur. O cümlədən də Azərbaycan millisinin "FIFA Series – 2026” turnirində üç komandanın arasında birinci olması bizim üçün sevindiricidir. Amma bu qələbənin ətrafında süni ajiotaj yaratmağa, başımızı bu cür şeylərlə qatmağa ehtiyac yoxdur. Bizi gənclər yığmamızın Portuqaliyaya 0:4 hesabıyla məğlub olması, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Maltaya bata bilməməsi düşündürməli və narahat etməlidir. "FIFA Series – 2026” turnirinin sevinci isə Emin Mahmudovla Cahangir Fərəcullayevin ovcunda itib-batan kubok boydadır. O məşhur türk mahnısında deyilən kimi, ovuc içi qədər xoşbəxtlik... Azərbaycan futbolunun problemləri o xoşbəxtliklə həll olunmayıb!
Amal Abuşov
Şərhlər