Azərbaycanın Moskvadakı paradda iştirakı hansı səbəbdən vacibdir? (ŞƏRH)

Azərbaycanın Moskvadakı paradda iştirakı hansı səbəbdən vacibdir? (ŞƏRH)

"Koronavirus pandemiyası Kremlin planlarını pozdu”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. 

Ekspert bildirib ki, Moskvada II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı hərbi parad mayın 9-da deyil, iyunun 24-də keçirəcək: 


Elxan Şahinoğlu 

"Rusiya prezidenti Vladimir Putin bu parada böyük əhəmiyyət verirdi, qonaqların siyahısı əvvəlcədən tərtib olunmuşdu. Ancaq olmadı. Koronavirus pandemiyası Kremlin planlarını pozdu. Moskva epidemiya ilə mübarizəni davam etdirir, qonşu ölkədə virusa yoluxanların sayı azalmır. Buna baxmayaraq, Putinin qərarı ilə hərbi parad ayın 24-də keçiriləcək. Yəni Kreml bütün risklərə rəğmən, hərbi paradı keçirmək niyyətindədir. Parada Azərbaycan ordusunu 75 hərbi qulluqçudan ibarət heyət təmsil edəcək. Hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcək. Mərasimdə Azərbaycanı Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində təmsil edəcək".

"Azərbaycan hərbçilərinin Moskvadakı ağır epidemeloji vəziyyəti nəzərə alaraq məlum tədbirdə iştirakı nə dərəcədə vacibdir" sualına cavab verən Elxan Şahinoğlu bildirib ki, Rusiyanın siyasi və hərbi dəstəyi olmadan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamağa gücü çatmaz: 
"Rusiyanın regional siyasətindən narazıyıq. Elə 2016-cı ilin aprel ayında savaşın cəmi 4 gün çəkməsinə görə İrəvan Moskvaya minnətdar olmalıdır. Əks halda hərbi qüvvələrimiz daha böyük əraziləri azad edəcək, bu isə bəlkə də Ermənistanın o zamankı hakimiyyətini münaqişənin həllilə bağlı "mərhələli həll” planına razılaşmağa vadar edəcəkdi. Kreml açıq-aşkar hadisələrin bu istiqamətdə inkişafını əngəllədi. Buna baxmayaraq, rəsmi Bakı Kremlin "Sizin hərbçilər də Moskvadakı hərbi paradda iştirak etsin” dəvətinə mənfi cavab verə bilməzdi.

Birincisi, keçmiş SSRİ-nin faşizm üzərində qələbəsində Azərbaycanın və azərbaycanlıların da payı var. Müharibədə 300 min soydaşımızı itirmişik, neftimiz olmasaydı, sovet tankları və təyyarələri yerindən tərpənməyəcəkdi. Bunun bir daha vurğulanması səbədindən hərbçilərimizin paradda iştirakı zəruri sayıla bilər.



İkincisi, paradda erməni hərbçiləri də iştirak edəcək. Yəni Moskvadakı paradda erməni hərbçiləri iştirak edib, Azərbaycan hərbçiləri iştirak etməsəydi, İrəvan bundan ölkəmizə qarşı informasiya müharibəsində istifadə edəcəkdi. Digər tərəfdən Kremlin özü də Bakının "yox” cavabından narazı qalacaq və gələcəkdə bu amildən Azərbaycana qarşı istifadə edəcəkdi. Hazırki şərtlər daxilində Moskva ilə münasibətləri gərginləşdirmək üçün İrəvana bəhanə verməyə lüzum yoxdur”.

Politoloq qeyd edib ki, Azərbaycan hərbçilərinin Moskvadakı paradda iştirakı ölkəmizin yalnız Rusiyadakı hərbi paradda iştirakıyla kifayətlənməsi anlamına da gəlməməlidir: 

"Azərbaycan hərbçiləri dost və müttəfiq dövlətlərin, o cümlədən Pakistanın, Belarusun hərbi paradlarında da iştirak ediblər. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı paytaxtımızda Azərbaycan və Türkiyə ordularının hərbi paradda birgə iştirak hələ də xatirələrdədir. Dəvət edildiyimiz halda dost, müttəfiq və tərəfdaş dövlətlərin hərbi paradlarında iştirak zəruridir”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image