Ölkə 15:46 29.03.2023

Azyaşlıya qarşı cinsi zorakılığa görə 5 aylıq cəza: Qanun nə deyir?

"Bərdədə 14 yaşlı qıza qarşı cinsi zorakılıq etmiş şəxslərlə bağlı verilən məhkəmə qərarına etiraz olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova Bərdədə Kətəlparaq kəndində 14 yaşlı qıza qarşı cinsi zorakılıq etmiş şəxslərlə bağlı məhkəmə qərarından danışarkən deyib. 

Mehriban Zeynalovanın sözlərinə görə, çevik ekspert qrupu olaraq verilən bu qərara etiraz edəcəklər:
 


"Bunu belə qoymaq olmaz, biabırçılıqdır. 14 yaşlı, əqli yerində olmayan uşağa qarşı cinsi zorakılıq edənə 5 ay həbs cəzası verilməsi nə deməkdir? Cinsi zorakılıqla bağlı məhkəmə cəzalarının gözdən pərdə asmaq üçün təyin edilməsi rüsvayçılıqdır. Bu cinayət bir uşağa, özü də əqli çatışmazlığı olan bir uşağa qarşı edilib. Ona qəyyum müəyyən edilməli idi. Biz bunu araşdıracağıq. Bilmirik ki, ona qəyyum müəyyən edilib, ya yox. Ola bilər ki, uşaq hansısa məsələni düzgün izah etməyib. Yaxud da hadisələri, vaxtı düzgün şərh etməyib. Amma bu o demək deyil ki, belə bir fakt olmayıb”. 

Mehriban Zeynalova hesab edir ki, əlil uşaqdan sui-istifadə etməyin özü bir məsuliyyətdir:

"Lap özü razılıq versə belə, ona görə 5 ay cəza verilməsi absurdun absurdudur. Bu o deməkdir ki, əqli zəif olan uşağın anlaqsızlığından istifadə edib kimsə kimisə zorlamalıdır”. 
 
Vəkil Vamiq Şükürov isə bildirib ki, bu məsələ ilə bağlı cinayət işinə baxmaq lazımdır:
 


"Cinayət Məcəlləsində həmin maddədə qeyd olunub ki, göstərilən cinayəti törətdiyinə görə şəxslərə 3 ilədək müddətə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir. Bu məsələdə məhkəmənin hökmünə baxmaq lazımıdr ki, hakim nə üçün 5 ay müddətinə cəza verib? Bu dəqiqləşdirilməlidir”.

Qeyd edək ki, ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb.  Yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər  birinə 5 ay müddətinə həbs cəzası verilib. 

Bahar Rüstəmli