Xəbər lenti

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Ölkə 16:50 12.04.2021

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)

Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışan əməkdaşlar narahatdır. Modern.az-a daxil olan məlumatda bildirilir ki, işçilərin narahatlığına səbəb əməkhaqlarına ödənilən əlavələrin dayandırılması barədə xəbərlərlə bağlıdır. Bu, pandemiya dövrü boyunca metroda sərnişindaşımanın olmaması ilə əlaqələndirilir. Onsuz da metroda sərnişindaşıma fəaliyyəti dayandırılandan sonra işçilərin maaşı bir qədər azaldılmışdı. Bu dəfə isə maaşlara əlavələrin dayandırılması barədə yayılan xəbərlər təşvişə səbəb olub.

""COVID-19” pandemiyasında tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə işçilərin əməkhaqlarının ödənilməsi ilə bağlı hər hansı bir problem yaşanmayıb”.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın pandemiya dövründə metropoliten əməkdaşlarının əməkhaqlarının azaldılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

B.Məmmədov qeyd edib ki, "Bakı Metropoliteni” QSC işçilərinin əməkhaqları əməyin ödənilməsinin vahid tarif cədvəlinə uyğun olaraq hesablanır:

"Həmçinin, əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunur. İstər pandemiya, istərsə ondan əvvəlki dövrlərdə əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi ilə bağlı qaydalarda hər hansısa dəyişiklik edilməyib. Xüsusi şərait, iş növbəsi üzrə, eləcə də Kollektiv müqavilədə nəzərdə tutulmuş digər əlavə və üstəliklər faktiki işlənilmiş vaxta mütənasib olaraq ödənilir”.

Onun sözlərinə görə, "Bakı Metropoliteni” QSC-nin əməkdaşları pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, tapşırıq və tövsiyələrə, eyni zamanda qəbul edilmiş müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydada işə cəlb olunurlar:

"Metropoliten çoxşaxəli mürəkkəb infrastruktura malik olduğundan, işə cəlb edilmə ilə bağlı vahid prinsipin tətbiqi qeyri-mümkündür. Lakin evdən iş rejiminin tətbiq edilməsi mümkün olan sahələrin işçilərinə müəssisədə məsafədən işləmək imkanı da yaradılıb. Birbaşa istismar və tikinti ilə bağlı sahələrdə qaçılmaz zərurət yaranan fəaliyyət istiqamətləri  üzrə vətəndaşlar qəbul edilmiş qərarların tələblərinə uyğun qaydada işə cəlb edilirlər”.

Xatırladaq ki, Bakı metrosu ötən il mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.

İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə metro 2020-ci il oktyabrın 19-dan "COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə bağlanıb.

Son qərara dəyişiklik edilməzsə, metropolitendə sərnişindaşıma 1 iyun 2021-ci ildə bərpa olunmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->