Ölkə 12:11 11.08.2020

Bakı və iri şəhərlərdə nəqliyyatın yükünü necə azaltmaq olar? (ŞƏRH)

"Metronun fəaliyyətini avqusun 31-dən də tez bərpa etmək lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Bakının və iri şəhərlərin sərnişin nəqliyyatının yükünün azaldılmasından danışarkən deyib. Onun sözlərinə görə, bu istiqamətdə bir neçə iş görülməlidir:
 


"Metronun işləmədiyi şəraitdə Bakıda sərnişin nəqliyyatının yükünü azaltmaq çətin olacaq. Bu, bir az qəliz məsələdir. Bunun üçün bir neçə istiqamətdə iş görmək, təkliflər həyata keçirmək lazımdır. Nəqliyyat qurumları bir az düşünülmüş və Operativ Qərargahın tibbi bölməsi ilə razılaşdırılmış təkliflər hazırlamalı və dərindən qərar qəbul olunmalıdır. Qiymətləndirilməlidir ki, Bakıda indiki şəraitdə metronun bağlı qalması doğrudurmu? Arqument odur ki, metroda adamlar virusa daha tez yoluxa bilər. Amma əgər adamlar avtobusda çox sıx vəziyyətdə heç bir məsafə gözləmədən daşınırlarsa, deməli, virusa yoluxma riski nəqliyatda da var. Məncə, birinci bunu düşünmək lazımdır. Hesab edirəm ki, avqusun 31-dən də tez metronun fəaliyyətini bərpa etmək lazımdır”.

Ərşad Hüseynov qeyd edib ki, ikinci istiqamət daşıyıcıların səfərbər olunmasıdır:

"Balansda olan bütün avtobusların, xüsusi ilə pik saatlarda xəttə buraxılması təmin olunmalıdır. Belə olarsa, sıxlıq olmaz. Üçüncüsü, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər əlaqəli qurumlar elə etməlidir ki, yollarda tıxaclar olmasın. Tıxaclar yarananda avtobuslar küçədən keçə bilmir. Sərnişinlər isə dayanacaqlarda toplaşmış vəziyyətdə qalıb gözləyirlər. Avtobusların içində olan sərnişinlər də daha uzun müddət avtobusda qalır, daha çox yol gedirlər”.

Ekspertin fikirincə, əsas hədəf sərnişinlərin biri-biri ilə sosial əlaqələrini minimuma endirilməsidir:

"İnsanlar bir-birindən uzaq olmalıdır ki, ünsiyyət qura bilməsinlər. Əgər avtobuslarda insanlar bir saat tıxacda qalarsa, orada yoluxma riski daha yüksək olar. Əhali arasında təbliğat-təşviqat aparmaq lazımdır. Heç kəs arxayınlaşmasın. Virusun yayılma riski var. Vətəndaşlar maksimum ictimai nəqliyyatdan istifadə etməsinlər. Əgər onlar üçün ictimai nəqliyat qaçılmazdırsa, heç olmasa, evdən pik saatlarda çıxmasınlar”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sıxlığın azaldılması yollarından danışarkən bildirib ki, pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əks-epidemik tədbirlərin dövrülüyü artırılıb:
 


"İstismarda olan bütün avtobuslar (1600-1800) və 3000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1425 avtobus və 3000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur. Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspres avtobus xətti istifadəyə verilib. Ümumilikdə, 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspres xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub. Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır. Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətt də istifadəyə veriləcək. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır. Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir”.

Bahar Rüstəmli