Son zamanlar Bakı şəhərində fəaliyyət göstərən apteklərin çoxu vətəndaşları aldatmaqla və istehlakçıların hüquqlarını pozmaqla məşğuldur. Bəzən apteklər həkimlərin yazdığı dozadan artıq dərman verməklə, bəzən isə reseptlə yazılan dərmanın əvəzinə digər pereparat verməklə qanun pozurlar. Bu hal isə yolverilməzdir.
Belə hallardan biri də dekarın 6-da Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən "Aptek – Əlillər” adlı əczaçılıq fəaliyyəti ilə məşğul olan məkanda baş verib. Bu barədə "Ölkə.Az” saytına Cavad Babayev adlı şəxs şikayətində bildirib. Onun sözlərinə görə, həmin aptekdə "Laktol” adlı dərman almaq istəyib. Həkimin yazdığı resept əsasında həmin dərmandan 5 ədəd istəyən C.Babayev kobudluqla qarşılaşıb. Aptekdə çalışan əczaçı qadın müştəriyə həmin dərmandan kəsib verə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, həmin dərmandan 15 dənə verə bilərlər. Şikayətçi isə bunun qanun pozuntusu olduğunu xatırladıb. Məsələyə aptek müdiri qarışıb və müştəriyə həmin dərmandan 5 ədəd verə bilməyəcəklərini bildirib
Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən bütün apteklər Tarif Şurasının tətbiq etdiyi qiymətlər əsasında və Səhiyyə Nazirliyinin nəzarəti altında satışa çıxarılmalıdır. Bu zaman vətəndaşa həkimin təyin etdiyi resept əsasında göstərildiyi qədər dərman verilməlidir.
Həmin apteklə əlaqə saxladıq. Özünü aptekin müdiri kimi təqdim edən Cavid adlı şəxs bildirdi ki, həqiqətən də, "Laktol” adlı dərmandan 5 ədəd verə bilməz. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinn (012)5960712 saylı "qaynar xətt” nömrəsinə zəng vurduq. Məsələ barədə bildirdik. Məsələyə dərhal münasibət bildirdilər və nazirliyin Murad adlı əməkdaşı aptek müdiri ilə əlaqə saxladı. Nazirlik əməkdaşı ilə danışan aptek müdiri sonradan həmin dərmandan 5 ədəd kəsib verməyə razı oldu.
Əslində belə hal təkcə C.Babayevin başına gəlmir. Bu kimi olaylar həmişə baş verir. Çox hallarda vətəndaşlar hüquqlarını yaxşı bilmədiklərindən əczaçıların dediklərinə qane olurlar və yazılan dərmandan artıq almağa məcbur olurlar. Bununla da, istehlakçıların hüquqları pozulur və onlar artıq xərcə düşmür olurlar.
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, qanunvericilikdə apteklərin plastinka dərmanlarının kəsib verməsini qadağan edən bir müddəa yoxdur. Onun sözlərinə görə, bu barədə qanunda hansısa göstəriş də qeydə alınmayıb.
"Həkim xəstəyə reseptlə 1, yaxud 5 ədəd tablet yazıbsa, bu zaman apteklər buna əməl etməlidirlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilir ki, istehlakçı istənilən mal çeşidindən lazım olan qədər ala bilər. Bütün hallarda bu qanuna söykənmək lazımdır. Aptek rəhbərləri buna əməl etmədikdə, istehlakçıların hüquqlarını pozurlar. İstehlakçıya istəyinə uyğun qədər mal verilməlidir. Əgər sahibkar bu qanunu pozaraq, istehlakçının istəyinə uyğun mal verməkdən imtina edərsə, bu halda vətəndaş istehlakçıların hüquqlarını qoruyan dövlət orqanlarına, Səhiyyə Nazirliyinə və Azad İstehlakçılar Birliyinə müraciət edə bilər”, - deyə E.Hüseynov bildirib.
Məsələ ilə əlaqədar professor Adil Qeybulla da çıqlamasında bildirdi ki, üstü bağlı, elementliyi, adı pozulmayan həblər, tabletlər, kapsullar həkimin təyinatına və alıcının tələbinə uyğun şəkildə verilməlidir. Onun sözlərinə görə, həmin dərmanların sərhəddini həkim təyin edir.
"Siz deyən tablet həkimin təyinatına uyğun olaraq, 5 ədəd verilməlidir. Belə hallarda vətəndaşlar Səhiyyə Nazirliyinin "qaynar xətti”nə müraciət edilməlidir. Apteklərin çoxu özəl mülkiyyət sahibidirlər. Buna baxmayaraq, aptek müdirləri qanunlar çərçivəsindən çıxmamalıdırlar”, - deyə A. Qeybulla bildirib.
Şərhlər