Ölkə 09:27 23.02.2021

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.