Siyasət 12:03 11.10.2019

Bakıda DSK sədrləri üçün seminar-müşavirə keçirilir

Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadə, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, MSK-nın rəhbər heyəti iştirak edir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxışı zamanı qeyd edib ki: "Bu ilin dekabrın 27-də bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini yekunlaşdırır. Yaxın günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik. Seçki ölkə tarixində əlamətdar hadisədir. MSK sədri qeyd edib ki, MSK maarifləndirmə işinə xüsusi diqqət yetirir".

Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev isə bildirib ki: "Azərbaycanda seçki sistemi təkmilləşdirilib, insanların seçkiyə marağı artıb. Bu, onu göstərir ki, seçki sistemi sürətlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycandakı seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış bu şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər. 

Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır. Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.