Xəbər lenti

Bakıda müəmma davam edir: kişilər avtomobilləri ilə birlikdə yoxa çıxırlar...
Ölkə 23:59 22.01.2018

Bakıda müəmma davam edir: kişilər avtomobilləri ilə birlikdə yoxa çıxırlar...

Bakının Binəqədi rayonunda kişi naməlum şəraitdə itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Sözügedən rayon polis idarəsinin dördüncü bölməsinin ərazisi olan Göradil yaşayış massivinin sakini, 1988-ci il təvəllüdlü Mehdiyev Ələsgər Elman oğlu yanvarın 10-da saat 17:00 —da 90 TK 461 dövlət nömrə nişanlı Daewoo markalı avtomobili ilə evdən çıxıb və geri qayıtmayıb.

Onun doğmaları yalnız hadisədən 11 gün sonra — yanvarın 21-də onun itkin düşdüyü barədə polisə məlumat veriblər. Hazırda polisdə kişinin harada olduğu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda əvvəllər də kişilərin maşını ilə birlikdə yoxa çıxması halı qeydə alınıb. 2016-cı ilin aprelində Rəsulzadə qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Həsənov Sabir Zəfər oğlu itkin düşüb. O, 9 aprel saat 07:00 radələrində Məmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən evindən çıxaraq özünün KIA Optima markalı avtomobilinə oturub naməlum istiqamətə gedib. İki gün sonra Binəqədi rayon Polis İdarəsinin 7-ci bölməsinin əməliyyatçıları Həsənovun maşınını Seyidzadə küçəsində tapıblar. Məlum olub ki, Həsənov maşınını Asif Məsimova satıb. Amma Həsənovun olduğu yer barədə indiyə qədər heç bir məlumat yoxdur. Polis əmindir ki, cavan oğlan respublikanın sərhədlərini tərk etməyib.

Elə həmin ilin fevralında naməlum şəraitdə Məhəmməd Miriyev itkin düşüb. Doğmalarının sözünə görə, Miriyev fevralın 21-də 90 EL 87 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobili ilə evdən çıxıb və geri qayıtmayıb. Fevralın 23-ü axşam polis maşını Şərifzadə küçəsi 1 ünvanının qarşısında yaxşı vəziyyətdə tapıb. Amma Miriyev özü orada olmayıb. Doğmalarının dediyinə görə, Miriyev heç vaxt evdəkilərə getdiyi yeri demədən evdən çıxan deyil. Bu dəfə Miriyevin başına nə iş gəlib, polislər cavab verməkdə acizdirlər.

Analoji vəziyyət 2015-ci ilin sonunda da baş verib. Dekabrın 14-də "Sədərək" ticarət mərkəzinin ("Meyvəli" bazarı) ərazisində əslən Şəmkir rayonundan olan Bakı şəhər sakini Bayramov Elçin Fəxrəddin oğlu yoxa çıxıb. O, yük daşıdığı "Ford Tranzit” markalı avtomobili ilə birlikdə itkin düşüb. 2016-cı ilin əvvəllərində Bayramovun maşını Quba rayonu ərazisində, avtomobil magistralından 7-8 kilometr aralıda qarın içində tapılıb. Bayramovun itkin düşməsi ilə əlaqədar AR CM-nin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Ehtimal var ki, Bayramov qətlin qurbanı olub.

Sözügedən cinayətlərin heç birinin üstü hələlik açılmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->