Xəbər lenti

Bakıda polisə növbəti hücum: bu dəfə xəsarət alanların sayı çoxdur
Ölkə 23:21 16.10.2017

Bakıda polisə növbəti hücum: bu dəfə xəsarət alanların sayı çoxdur

Davalarla məşhur olan "Oazis" restoranında yenə polisi yaraladılar

Paytaxtda yerləşən "Oazis" restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restoranı ziyarət edən Bakı sakinləri — 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib. Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.

Qeyd edək ki, "Oazis"in adı mütəmadi olaraq cinayət hesabatlarına daxil olmaqla xüsusi populyarlıq qazanıb. Hələ 2014-cü ilin sentyabrında burada restoranın işçiləri ilə müştəriləri arasında baş verən davanı xatırlatmaq kifayətdir. O zaman Bakı sakini Zaur Əsgərov 3 yaşlı oğlunun ad gününü qeyd etmək üçün restorana 20 nəfərlik qonaq çağırıb. Dava restoranın mühafizəçisinin ona arvadının dekoltesini bağlamağı məsləhət görməsi ilə başlayıb. Mühafizəçinin belə yersiz davranışı Əskərov və qonaqlarını özündən çıxarıb. Elə bununla da mühafizəçilərlə müştərilər arasında dava başlayıb. Restoranın 3 işçisi bıçaq yarası alıb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava nəticəsində 7 nəfər xəsarət alıb. 

2016-cı ilin 5 martında isə bu restoranda əsl qarşıdurma yaranıb. Restoranın iki müştərisi — Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Mehdiyev Elçin Vahid oğlu və Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elçin Əli oğlu sərxoş vəziyyətdə hay-küy salaraq polis əməkdaşlarını döyüblər və hətta onların xidməti formasından poqonlarını söküblər.

Rayon Mühafizə Xidmətinin əməkdaşları — 1994-cü il təvəllüdlü polis serjantları Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov davakarları asayişi bərpa etməyə çağırıb.

Lakin xuliqanlar sakitləşmək əvəzinə Sultanov və Məmmədzadəyə yumruq vurublar. Müqavimət göstərmələrinə baxmayaraq, onlar saxlanılıblar və sözügedən rayondakı 5-ci polis bölməsinə aparılıblar. Lakin xuliqanlar orada da sakit dayanmayıblar. Onlar "Fiat Doblo" markalı avtomobilin yan şüşələrini qırıblar. Davanın üçüncü iştirakçısı — Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Nicat Nazim oğlu özü polis bölməsində polis serjantı Cahid Mahmudovu vurduğunu boynuna alıb. Nəticədə polisləri döyən hər üç xuliqan dəmir barmaqlıqlar arasına düşüb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->