Bakıda səki problemi: yollar nə vaxt qaydasına düşəcək?

Bakıda səki problemi: yollar nə vaxt qaydasına düşəcək?

"Hər kəs üçün əlverişli, əlçatan eyni zamanda təhlükəsiz şəhər nəqliyyatı mühitinin yaradılması Bakı Nəqliyyat Agentliyinin əsas hədəflərindədir”.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, dövlət başçısının bu məsələlərlə bağlı BNA-nın qarşısında qoyduğu tapşırıqlar var ki, onların icrası sosial baxımdan çox mühüm əhəmiyyətə malikdir:

"Ölkə rəhbərinin tapşırığına əsasən 2017-ci ilin əvvəlində şəhərimizdə eyni səviyyəli piyada keçidlərində səkilərdə pandusların təşkilinə start verildi. Ötən dövrdə şəhərin demək olar ki, bütün mərkəzi küçə və prospektlərində təxminən 2 minə yaxın ünvanda panduslar təşkil edilib. Bu işlər davam etməkdədir. Hazırda Heydər Əliyev prospektindəki səkilərdə pandusların təşkili işləri aparılır. Beynəlxalq təcrübə əsas götürülməklə müasir tələblər səviyyəsində təşkil edilən bu panduslar sayəsində bu gün fiziki imkanları məhdud vətəndaşlarımız şəhər yollarında çox rahat hərəkət etmək imkanı əldə ediblər. Bu pandusların üzərində avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün xüsusi tumbalar da qoyulub”.

BNA sözçüsü deyib ki, qurum tərəfindən panduslarla yanaşı fiziki imkanları məhdud vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsi üçün də bir sıra vacib addımlar atılıb:

"Avtobus parkının yenilənməsi zamanı gətirilən nəqliyyat vasitələrində əlilliyi olan şəxslər üçün ayrıca yerlərin olması, əlil arabası ilə olan vətəndaşlarımızın avtobusa rahat minib düşməsinə imkan verən müxanizimin olması əsas tələblərdən biri kimi müəyyən edilib. Bu gün marşrut şəbəkəsində mövcud avtobuslar 30-35 %-də bu tələbə tam verir. Və bu cür avtobusların sayı günü gündən artmaqdadır.

Bütün bu sadalanan tədbirlər bir daha qeyd edim ki, əlilliyi olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyası baxımından olduqca vacibdir və cənab Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi sosial siyasətin tərkib hissəsidir. Şəhər nəqliyyatının əlçatanlıq göstəricisinin yüksəldilməsi ilə bağlı atılan digər bir vacib addım isə görmə imkanları məhdud vətəndaşlarımızın səkilərdə rahat hərəkətinin təmin etməklə bağlıdır. Bildirim ki, səkilərin bütün piyadalar üçün uyğun vəziyyətə gətirilməsini hədəfləyən ideal səki layihəsi hazırda icra olunmaqdadır”.

M.Ağayev son olaraq qeyd edib ki, bu işlər çərçivəsində aparılan yenilənmə işləri zamanı səkilərdə xüsusi taktil pilitələr düzülür:

"Bu pilitələr görmə imkanları məhdud olan vətəndaşlarımızın sərbəst hərəkəti üçün olduqca vacibdir. Hazırda Səməd Vurğun, Mərdanov qardaşları, Puşkin, Faiq Yusifov, İlqar Cümşüdov küçələrində belə pilitələr düzülüb və bu iş aparılır.

Məqsədimiz şəhərimizin bütün küçələrində xüsusən də görmə imkanları məhdud şəxlərin kompakt yaşadığı ərazilərdə, onların üçün yaradılan təhsil müəssisələrinin ətrafında, sosial reablitasiya mərkəzlərində, tibb ocaqlarının ətrafındakı küçələrdə ilk növbədə bu işlərin görülməsini təmin etməkdir”.
XƏBƏRLƏR
BLOGLAR