Bakının Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüdə "İVECO" markalı, “90 BV 139” dövlət nömrə nişanlı 198 saylı avtobus aşıb.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza zamanı beş nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər xəstəxanasına aparılıblar.
Qəza zamanı xəsarət alanlar bunlardır: avtobusun sürücüsü 1984-ci il təvəllüdlü Əliyev Ruslan Samir oğlu, sərnişinlər - 1981-ci il təvəllüdlü Osmanov Feruz Emin oğlu, 1956-cı il təvəllüdlü Ələsgərov Əsəd Tapdıq oğlu, 1975-ci il təvəllüdlü Fərzəliyeva Ürfanə Çingiz qızı və onun 13 yaşlı oğlu Fərzəliyev Məhəmmədəli İlqar oğlu.
3 saylı şəhər xəstəxanasından APA-ya verilən xəbərə görə, yaralıların arasında ağır xəsarət alan yoxdur. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər