Bakı Ağır Cinayətlər Məhkəməsində 211 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan "ELİV” işədüzlətmə şirkətinin əməkdaşları Elvin Məhərrəmov, Məcid Məcidov və Ceyhun Qələbəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən E.Məhərrəmovun vəkili müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Zərərçəkmişlər vəsatətin təmin olunmasına etiraz ediblər: "Hamımızı aldadıblar. Bizim pullarımızı geri qaytarsınlar. Pullarımızı tələb edirik”.
Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə prosesi yanvarın 24-ə təyin edilib.
İttihama görə, bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pullarının ələ keçirilməsi barədə polis orqanlarına şikayət ərizələri verib, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən cinayətin Bakı şəhər sakini Məcid Məcidovun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyənləşdirilib.
Mütəşəkkil dəstənin digər üzvləri – paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işi üzrə 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Şərhlər