Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb ki, yaralılardan bəzilərinin vəziyyəti çox ağırdır.
Qaynarinfo Publika.az-a istinadla xəbər verir ki, sərnişin avtobusuna çırpılan "Mercedes” markalı, 99 DH 343 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qobustan rayonunun Ərəbşalbaş kəndindən olan 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz”) tələbəsidir.
3-cü kurs tələsəbi olan Mahmud gecə saatlarında yaşadığı kənddən yola çıxaraq Bakı şəhərinin Buzovna qəsəbəsinə quru ot gətirirmiş. Belə ki, onun qardaşları Buzovna qəsəbəsində yaşayırlar və iribuynuzlu heyvan saxlayırlar. Bu səbəbdən də o, gecə saatlarında qardaşlarının təsərrüfatı üçün yük gətirib.
Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Mahmud ilkin ifadəsində gecə yol gəldiyini və bir anlıq yuxuladığını deyib.
Həmçinin məlum olub ki, hadisəni törədən 19 yaşlı oğlan körpə olarkən anasını itirib. Onu və 2 qardaşını məktəbdə idman müəllimi işləyən atası böyüdüb. Ailə kənddə müsbət xarakterizə olunur.
Qeyd edək ki, Mahmud Əzizov hadisədən sonra saxlanılıb və məhkəmə onun həbs edilməsinə qərar verib. Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb.
Şərhlər