Ölkə 15:46 16.09.2021

Bakını işğaldan azad edən Nuri paşanın Bakıda niyə abidəsi yoxdur?

Dünən 15 sentyabr Bakının qurtuluş günü idi. Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın dəstəyi ilə biz bu günü qeyd edirik. Onun işğaldan azad etdiyi Bakıda hələ də xain 26 Bakı komissarının adına küçə var. Ancaq təəssüf ki, Nuri paşa könüllərimizdə heykəli qoyulan dövlət böyüklərimizdən olsa da, işğaldan qurtardığı Bakıda adına bir abidə belə yoxdur. Bəs görəsən yaxın illərdə Nuri Paşanın abidəsinin qoyulması gözlənilirmi? Bu barədə hər hansı mövzular müzakirə edilirmi? Elə bu sualla Mədəniyyət nazirliyinə müraciət etdik.
 
Qaynarinfo xəbər verir ki, nazirlikdən Moderator.az-a verilən məlumatda mövzudan xəbərdar olduqları qeyd edilib:
 
"1918-ci il sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan ən şanlı səhifələrdən biridir. Qafqaz İslam Ordusunun komandanı olaraq çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycana göstərdiyi qardaş köməyinə görə Nuru paşa bu gün də Azərbaycanda böyük hörmət və ehtiramla xatırlanır. Məlum olduğu kimi, Qafqaz İslam Ordusunun şərəfinə Şəhidlər Xiyabanında "Türk şəhidliyi” abidəsi ucaldılıb. Nuru paşanın paytaxtda abidəsinin ucadılması məsələsi isə cəmiyyətdə tez-tez gündəmə gəlsə də, bu barədə rəsmi qərar qəbul edilməyib”.