Çingiz Səfərli
Son iki gündə Azərbaycanın əksər bölgələrində, o cümlədən paytaxt Bakıda yaşanan enerji böhranı bir sıra problemləri də gün üzünə çıxartdı.
Xüsusən son günlər havanın isti keçməsi səbəbindən vəziyyətin onsuz da bərbad olduğu Bakı metrosunda işığın kəsilməsi ilə yüzlərlə insanın istidə, havasızlıqda tunellərdə qalması isə vəziyyəti bir az da gərginləşdirdi.
Qapılar bağlanmadı, növbəti stansiyanın adı səslənmədi…
Görünən mənzərə odur ki, 27 ildir müstəqil olsaq da, sovet hökumətinin qoyub getdiyi metroda elə də ciddi dəyişiklik olmayıb. Düzdür, stansiyaların sayı artıb, amma ömrünü başa vuran qatarlar hələ də qalmaqdadır…
Metropolitendən tuneldə qalan insanlarla bağlı məlumat almaq istəyəndə etinasızlıqla, "Hər şey qaydasındadır, heç bir problem yoxdur. Foto çəkmə. İcazə yoxdur. Onsuz da düşməni bizə güldürməkdən başqa əlinizdən heç nə gəlmir", - deyə cavab verilir.
Bəli, düşməni güldürmək…
Görəsən düşməni sevindirən bizlərik, yoxsa metropolitenin yarıtmaz işi?
Bəh-bəhlə alınan bir-iki yeni qatarın ətrafında fotosessiyalar edilsə də, çoxlarımız həmin qatarların nə vaxt xəttə buraxıldığını görmürük.
Olmasın ard-arda yol təmirləri, olmasın icra hakimlərinin təptəzə binası, olmasın tam təmirli, əndazəli, bər-bəzəkli məscidlər, minarələr, olmasın lüks təmirli partiya binaları, mərkəzlər, saraylar...
Qoy metroda müasir qatarlar, müasir sistem olsun. İnsanlar evdən işə, işdən evə, məktəbə, universitetə gedəndə əziyyət çəkməsinlər. Əslində, çox şey istəmirik. Sadəcə bir az rahatlıq və bir az da huzur...
Keçək digər məsələyə - işığın olmamasından istifadə edərək özümüzə qənim kəsilən "özgələr"imizə...
Dünən nə baş verdi?
Mağazalarda qiymət artımı, 30 qəpiklik suyun 50 qəpiyə satılması, şam qıtlığı, taksi sürücülərinin hərisliyi və unudulmaz Bakı romantikası...
Problem hamımızdadır. Bizim millət olaraq az da olsa maariflənməyə, ölkənin isə hələ çox islahatlara ehtiyacı var.
Şərhlər